Fransa Ukraynada Rusiya ilə toqquşacaq?

DÜNYA
12:12 / 18.03.2024
218

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbçi göndərəcəyi ilə bağlı bəyanatlar verməyə davam edir.

O, Fransanın Rusiyanı dayandırmaq üçün Ukraynada quru əməliyyat keçirə biləcəyini deyib:
"Ola bilsin ki, nə vaxtsa Rusiya Silahlı Qüvvələrinə qarşı durmaq üçün quruda əməliyyatlar aparmaq lazım gələcək. Fransa bunu etmək iqtidarındadır".

Makron bir müddət öncə də Fransanın Ukraynaya hərbçi göndərə biləcəyini istisna etmədiyini bəyan etmişdi.

Maraqlıdır, Ukraynada Rusiya-Fransa toqquşması yaşana bilər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə bildirib ki, hazırda Avropada geosiyasi vəziyyət o qədər də ürəkaçan deyil:

"Çünki Fransa və Almaniya Rusiyanın Avropanın içərlərinə doğru irəliləməsindən narahatdır. Təkcə Avropa deyil, ABŞ da bundan narahat olduğunu bildirib. Lakin Fransanın başqa bir dərdi və problemləri var. Belə ki, rəsmi Paris Afrikadakı uğursuzluqlarını Ukraynada ört-basdır etmək istəyir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Fransanın Cənubi Qafqazdakı manevrlərinə qarşı çıxır". 

346134

Ekspert qeyd edib ki, Avropada Fransa və Almaniya münasibətlər o qədər də yaxşı səviyyədə deyil:

"Hal-hazırda Avropa dövlətləri Rusiyanın Ukraynaya artan təzyiqindən çəkinir və İsveçin NATO-ya üzv olunmasında da bu amilin böyük rolu oldu.

Lakin Fransanın Ukraynada hərbi əməliyyatlar etməyəcəyini düşünürəm. Çünki Fransanın bunu etmək üçün hazırda böyük resursları yoxdur. Üstəlik, Emmanuel Makron bununla bağlı xalqın da fikrini öyrənməlidir. Məncə, insanlar Ukraynadakı müharibəyə getməyə özləri qərar verməlidir".

Politoloqun sözlərinə görə, Fransa son zamanlarda silah ixracında Rusiyanı geridə qoyub:

"Fransa artıq sözügedən siyahıda dünya üzrə ikinci yerə çıxıb. Düşünürəm ki, Fransa Afrikadakı iqtisadi boşluqlarının Ukraynada doldurmaq istəyir. Bundan başqa, rəsmi Parisin istəyi Avropada daha çox siyasi üstünlüyə nail olmaqdır. Ancaq düşünürəm ki, Fransanın Anqlo-saks birliyi ilə müqayisədə Fransanın gücü zəifdir və Avropada söz sahibi deyil". 

Pərviz

0