Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan “Africa Corps” hərbi bölməsi Malinin strateji səhra şəhəri Kidal-dan təcili çıxış etdiyini açıqlayıb. Uzun illər Moskvanın regiondakı mövcudluğunun simvolu sayılan şəhər yenidən tuareq üsyançılarının nəzarətinə keçib.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Məlumata görə, Kidal ölkə üzrə hərbi obyektlərə qarşı genişmiqyaslı koordinasiyalı hücumlar nəticəsində ələ keçirilib. “Vaqner” qrupunu əvəz edən rus muzdluları geri çəkilməni Mali xuntası ilə “ortaq qərar” kimi təqdim ediblər. Lakin ekspertlər bunu Moskvanın ciddi uğursuzluğu kimi qiymətləndirirlər.
Egmont Kral Beynəlxalq Münasibətlər İnstitutunun Afrika proqramı direktoru Nina Vilen bildirib: “Bu, Rusiya üçün zərbə olacaq. Rusların Kidal-dan çıxmaq üçün razılaşaraq maliyalı tərəfdaşlarını arxada qoyması onların təhlükəsizlik tərəfdaşı kimi etibarlı görüntüsünü zəiflədir".
Mütəxəssislərin fikrincə, bu geri çəkilmə Moskvanın “Qərbin uğursuz olduğu yerlərdə sabitlik yarada bilər” iddiasını zəiflədir.
Konrad Adenauer Fondunun Sahel proqramının direktoru Ulf Lessinq isə deyib ki, Mali hadisələrdən nəticə çıxararaq Rusiyanın təhlükəsizlik problemlərini həll etmədiyini anlayır və Niger ilə Burkina Faso da eyni qənaətə gələ bilər.
Məlumata görə, rus qüvvələri bazaları pikaplarla tərk edərkən, yerli əhali onları xəyanətdə günahlandırır. Siyasi analitik Umar Berte bildirib ki, 2023-cü ildə Kidalın ələ keçirilməsinə baxmayaraq, hazırda Malidə təhlükəsizlik vəziyyəti əvvəlkindən də kritikdir.
Rusiya Müdafiə Nazirliyi və Mali ordusu hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Daha əvvəl bildirilmişdi ki, Kremlin əsas müttəfiqlərindən biri olan Mali rejimi də çətin vəziyyətlə üzləşib. Məlumata görə, “cənab Rusiya” ləqəbli Mali müdafiə naziri Sadio Kamara 25 apreldə evinə yönəlmiş kamikadze hücumu nəticəsində həlak olub.
Bundan əlavə, Malidə Rusiya hərbi helikopterinin vurulduğu da bildirilir. “Militarnıy” nəşrinin məlumatına görə, hadisə ilə bağlı ilkin xəbərlər “Azavad Azadlıq Cəbhəsi” (FLA) nümayəndələrinə istinadən yayılıb. Sonradan sosial şəbəkələrdə hadisə yerindən tüstü qalxmasını göstərən video paylaşılıb.
Rusiya təbliğatçısı İlya Tumanov isə “Afrikada bizim helikopter itirilib. Ekipaj və göyərtədə olan mobil atəş qrupu həlak olub”, – deyə yazıb.
Samir


