Polşanın şimalında arxeoloqlar XVII əsrə aid qeyri-adi məzar aşkar ediblər. Gənc qadının boynuna tiyəsi boğazına tərəf yönəldilmiş dəmir oraq qoyulub, ayağının baş barmağına isə qıfıl bağlanıb. Ehtimal olunur ki, bu ritual mərhumun "dirilərək" məzardan çıxmasının qarşısını almaq məqsədi daşıyıb.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Archaeological Science: Reports" jurnalında dərc olunub.
№75 saylı məzar 2022-ci ildə Polşanın şimalındakı Pen kəndi yaxınlığında yerləşən qəbiristanlıqda aşkarlanıb. Radiokarbon analizi qadının təxminən 1620-1674-cü illər arasında dəfn edildiyini və öldüyü zaman 17-19 yaşlarında olduğunu göstərib.
Tədqiqatçılar hesab edirlər ki, bu dəfn Mərkəzi və Şərqi Avropada geniş yayılmış "təhlükəli ölülər"lə bağlı inancları əks etdirir. Həmin dövrdə bəzi insanların öldükdən sonra dirilərə zərər verə biləcəyinə inanılırdı. Mərhumun məzardan çıxmasının qarşısını almaq üçün oraq, qıfıl, daş və digər əşyalardan istifadə olunurdu. Sonralar bu cür rituallar vampirlərə inamla əlaqələndirilib.
Məzarın dəfndən sonra açıldığına torpağın pozulmuş qatları və sümüklərin vəziyyəti işarə edir. Görünür, məzar bədənin tam çürüməsindən əvvəl açılıb. Bundan sonra qadının boynuna oraq qoyulub, ayaq barmağına isə qıfıl bağlanıb.
Orağın taxta sapı günümüzə qədər qorunmayıb. Lakin aparılan analiz onun ağcaqayın ağacından hazırlandığını göstərib. Yerli inanclarda bu ağaca qoruyucu xüsusiyyətlər aid edilirdi.
Qadının həyatına dair bəzi məlumatlar da müəyyən edilib. Baş geyimində aşkarlanan gümüş və qızıl suyuna salınmış saplar onun imkanlı ailədən gəldiyini göstərir. Dişlərin analizi isə qadının Pen bölgəsində böyüdüyünü ortaya qoyub. Qidalanma ilə bağlı araşdırma heyvani zülalın nisbətən az istehlak edildiyini və müəyyən dövrlərdə qida çatışmazlığının yaşanmış ola biləcəyini göstərib.
Genetik analiz qadında Skandinaviya mənşəyi ilə əlaqələndirilən nadir mitoxondrial haploqrup aşkar edib. Ağız və boyun fəqərələri nahiyəsində yaşılımtıl izlər də müəyyən olunub. Onların mislə təmas nəticəsində yarandığı ehtimal edilir, lakin mənşəyi hələ dəqiq müəyyənləşdirilməyib.
Qadının ölüm səbəbi məlum deyil. Tədqiqatçılar XVII əsrdə xəstəliklərin, aclığın və digər fəlakətlərin geniş yayıldığını bildirirlər. Bu amillər ölüm səbəbi izah olunmayan insanlara qarşı qorxunu daha da gücləndirmiş ola bilər.
Samir

