NASA-nın Qoddard Kosmik Tədqiqatlar İnstitutunun iqlimşünasları erkən Veneradakı şəraiti modelləşdiriblər. Araşdırmanın nəticələrinə görə, planetin səthində okeanlar mövcud olduğu halda, Venera təxminən üç milyard il ərzində həyat üçün əlverişli qala bilərdi.
HİT.az xəbər verir ki, nəticələr "JGR: Planets" jurnalında dərc olunub.
Alimlər ROCKE-3D adlı üçölçülü atmosfer və okean dövriyyəsi modelindən istifadə edərək 45 ssenarini sınaqdan keçiriblər.
Hesablamalara əsasən, Veneranın səthində maye su olsaydı, planet üzrə orta qlobal temperatur 20-50 dərəcə Selsi arasında dəyişə bilərdi. Bu sabitliyə Veneranın olduqca yavaş fırlanması da kömək edirdi. Planetdə bir günəş sutkası 117 Yer sutkasına bərabərdir.
Gündüz tərəfinin uzun müddət Günəş tərəfindən qızdırılması güclü bulud təbəqəsinin yaranmasına səbəb olurdu. Bu bulud örtüyü Günəş şüalarının bir hissəsini kosmosa geri əks etdirərək planetin həddindən artıq isinməsinin qarşısını ala bilərdi.
Tədqiqat müəlliflərinin fikrincə, bu əlverişli dövr təxminən 700 milyon il əvvəl başa çatıb. Kütləvi vulkan püskürmələri atmosferə böyük miqdarda karbon qazı buraxaraq idarəolunmaz istixana effektinə səbəb ola bilərdi.
Nəticədə su buxarlanıb, ultrabənövşəyi şüaların təsiri altında hidrogen və oksigenə parçalanıb. Yüngül hidrogen isə kosmosa qaçıb.
Tədqiqatın həmmüəllifi Maykl Uey bildirib: “Modelimiz okeanların mövcud olduğu şəraitdə güclü Günəş işığı altında iqlimin mülayim qala bilib-bilməyəcəyi sualına cavab verir”.
Bununla belə, digər elmi qruplar bu nəticələri şübhə altına alırlar. 2021-ci ildə Nature jurnalında dərc olunan araşdırmaya görə, gənc Venera qızmar su buxarı ilə örtülü olubsa, su yağış şəklində kondensasiya edə bilməzdi. Buna səbəb gecə tərəfində yaranan buludların istiliyi atmosferdə saxlaması idi.
Bundan əlavə, 2025-ci ildə Veneranın atmosfer kimyası ilə bağlı aparılan araşdırma planetin maqmatik ocağının qeyri-adi dərəcədə quru olduğunu göstərib. Alimlər bunun Veneranın keçmişdə dərin su hövzələrinə malik olması ehtimalı ilə uyğun gəlmədiyini bildirirlər.
Veneranın su ilə zəngin keçmişinin olub-olmadığına daha dəqiq aydınlıq gətirməsi gözlənilən missiyalardan biri NASA-nın DAVINCI layihəsidir. Missiyanın zondu planetin buludları arasından enərək onun atmosferindəki izotop tərkibini ölçəcək və qədim suyun izlərini axtaracaq.
Samir


