Tələbələrin yeni tədris ilinə başlamasına sayılı günlər qalıb.
Paytaxtda tələbə axınının artması ilə kirayə mənzillərə maraq da getdikcə yüksəlir. Xüsusilə universitetlərin yerləşdiyi ərazilərdə mənzil axtarışlarının intensivləşməsi kirayə bazarında canlanma yaradıb. Bəs artan tələbat qiymətlərə necə təsir edəcək? Qarşıdakı günlərdə kirayə mənzillərin qiymətində artım gözlənilirmi?
Əmlak eksperti Ramil Osmanlı Hit.az-a açıqlamasında deyib ki, kirayə mənzillərə marağın artması bazarda qiymətlərin yenidən gündəmə gəlməsinə səbəb olub:

“Hazırda kirayə ev axtaranların sayında böyük artım olmasa belə, mövcud təklifin tələbatı tam qarşılamaması qiymətlərin yüksəlməsi üçün zəmin yaradır. Qarşıdakı həftələrdə, günlərdə kirayə bazarında hərəkətlilik daha da güclənəcək.
Xüsusilə sentyabr ayında şəhərə gələn tələbələrin sayının artması mənzil bazarında əlavə tələbat formalaşdıracaq. Bu canlanmanın uzunmüddətli olmaması mümkün olsa da, həmin dövrdə qiymətlərə təsiri nəzərəçarpacaq səviyyədə ola bilər”.
Həmsöhbətimiz hesab edir ki, bazardakı vəziyyət kirayə haqlarının 10 faizdən artıq yüksəlməsi ilə nəticələnə bilər.
Sevinc


