Avropanın ən böyük büdcəli aviaşirkəti “Ryanair” neft qiymətlərinin yüksək olaraq qalacağı təqdirdə, bəzi rəqiblərinin bu qış uçuş imkanlarını qoruyub saxlamaqda və hətta fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkəcəyini proqnozlaşdırır. Bununla yanaşı, loukoster yüksək neft qiymətlərinin 2027-ci ildə də aşağı düşməyəcəyi təqdirdə qısa məsafəli reyslər üzrə aviabiletlərin qiymətinin əhəmiyyətli dərəcədə arta biləcəyini gözləyir.
HİT.az xəbər verir ki, bu barədə “The Independent” yazıb.
Neft qiymətlərinin yenidən yüksəlməsi fonunda İrlandiya aviaşirkəti qış dövründə sığortalanmamış yanacaqdan istifadəsini azaltmaq məqsədilə gələn il üçün sərnişin axını üzrə hədəf göstəricisini də aşağı salıb.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, aviasiya yanacağının orta qiyməti aylıq ifadədə 8,2 faiz artaraq hazırda bir barel üçün təxminən 156 dollar təşkil edir. Son bir ildə isə qiymət 74,2 faiz yüksəlib.
“Ryanair” bildirib ki, 2027-ci il üçün aviasiya yanacağının təxminən 80 faizini bir barel üçün 67 dollar qiymətinə sığortalayıb. Bu isə şirkətə daha bir gəlirli il gözləməyə imkan verir.
Lakin şirkətin fikrincə, sığortalanmamış yanacağın yüksək qiyməti noyabrdan mart ayına qədər davam edən və gəlirliliyin aşağı olduğu qış dövründə riskləri azaltmağı “məntiqli” edir.
Nəticədə “Ryanair” bahalı sığortalanmamış yanacaqdan istifadəsini məhdudlaşdırmaq məqsədilə 2027-ci il üçün sərnişin axını hədəfini 216 milyondan 214 milyon sərnişinə endirib.
Bununla yanaşı, aviaşirkət aprel-oktyabr aylarını əhatə edən 2026-cı ilin yay mövsümündə sərnişin axınını əvvəlki planlara uyğun olaraq 5 faizdən çox artıraraq 145 milyon sərnişinə çatdırmağı nəzərdə tutduğunu açıqlayıb.
Samir


