Hindistanlı jurnalist turistlərin ölkədə yol verdiyi 10 səhvi açıqladı

DÜNYA
23:15 / 04.09.2026
44

Hindistan zəngin mədəniyyəti, fərqli adət-ənənələri və təbiəti ilə turistlərin diqqətini cəlb etsə də, ölkəyə ilk dəfə səfər edənlər bir sıra səhvlərə yol verə bilərlər.

HİT.az xəbər verir ki, xəbər Hindistanda 30 il yaşamış jurnalist Apekşa Bhatedja “Fodor’s” üçün hazırladığı yazıda xarici turistlərin ölkədə ən çox yol verdiyi 10 səhvi sadalayıb.

Onun sözlərinə görə, Hindistana səyahət edənlər ilk növbədə stereotiplərdən uzaq durmalı və ölkənin müxtəlif bölgələrinin bir-birindən ciddi şəkildə fərqləndiyini nəzərə almalıdırlar.

1. Stereotiplərə inanmaq

Hindistan böyük ölkədir və müxtəlif regionların öz mədəniyyəti, mətbəxi, dili və adətləri var. Jurnalist turistlərə ölkəni yalnız yoxsulluq və ya köhnə stereotiplərlə əlaqələndirməməyi tövsiyə edir.

2. Yalnız “Qızıl üçbucaq”la kifayətlənmək

Dehli, Aqra və Caypurdan ibarət məşhur turizm marşrutu Hindistanın yalnız bir hissəsini əhatə edir. Səyahətçilər Ladax, Meqhalaya, Tamil Nadu və Andaman adaları kimi daha az tanınan istiqamətlərə də üz tuta bilərlər.

3. Səyahət proqramını həddindən artıq yükləmək

Hindistanda məsafələr böyük olduğundan qısa müddətdə çoxsaylı şəhərləri gəzməyə çalışmaq yorucu ola bilər. Jurnalist bir region seçərək onu daha sakit tempdə kəşf etməyi məsləhət görür.

4. Tıxacları və yol şəraitini düzgün qiymətləndirməmək

Hindistanda səkkiz saatlıq avtomobil səfəri tıxaclar və yol şəraiti səbəbindən asanlıqla 10 saata qədər uzana bilər. Dehli ilə yanaşı, Banqalor və Mumbay da sıx nəqliyyatı ilə tanınır. Dağlıq ərazilərdə isə hava şəraiti əlavə gecikmələrə səbəb ola bilər.

5. Rəqəmsal imkanları nəzərə almamaq

Jurnalist turistlərə ölkəyə gəldikdən sonra yerli SIM-kart əldə etməyi tövsiyə edir. Hindistanda yemək, ərzaq sifarişi, ödəniş, qatar biletlərinin alınması və hətta həkim qəbulu üçün müxtəlif rəqəmsal xidmətlərdən istifadə olunur.

6. Uyğun olmayan geyim seçmək

Xüsusilə məbədləri, kiçik şəhərləri və kəndləri ziyarət edərkən yerli geyim qaydalarına hörmət etmək vacibdir. Jurnalist turistlərə daha təmkinli geyim seçməyi tövsiyə edir.

7. Yerli mətbəxdən uzaq durmaq

Xaricilər bəzən mədə problemlərindən ehtiyat etdikləri üçün Hindistan mətbəxini sınamaqdan çəkinirlər. Lakin jurnalistin fikrincə, gigiyenik restoran və otellərdə yerli yeməkləri dadmaq mümkündür. O, həmçinin bütün Hindistan yeməklərinin həddindən artıq acı olması barədə fikrin doğru olmadığını vurğulayır.

8. Yerli əl işlərini almamaq

Hindistan müxtəlif regionlara xas tekstil, keramika, zərgərlik və digər əl işləri ilə zəngindir. Jurnalist turistlərə adi suvenirlər əvəzinə yerli sənətkarlıq nümunələrinə üstünlük verməyi məsləhət görür.

9. Həddindən artıq bazarlıq etmək

Jurnalistin fikrincə, turistlərin bir neçə rupi üçün uzun müddət bazarlıq etməsi o qədər də məqsədəuyğun deyil. Qiymət münasib deyilsə, məhsuldan imtina edib başqa satıcıya müraciət etmək daha yaxşı seçimdir.

10. Lazımsız yerə avtomobil və ya velosiped sürmək

Hindistanda yol hərəkəti xarici turistlər üçün kifayət qədər stresli ola bilər. Yollarda yük maşınları, avtobuslar, avtomobillər, motosikletlər və avtomobillər geniş şəkildə hərəkət edir. Buna görə jurnalist yalnız yerli yol şəraitinə tam əmin olanların sükan arxasına keçməsini tövsiyə edir.

Apekşa Bhatedjanın fikrincə, Hindistana səfər edən turistlər ölkəyə əvvəlcədən formalaşmış təsəvvürlərlə deyil, açıq düşüncə ilə yanaşmalı və yerli adətlərə uyğunlaşmaq üçün özlərinə vaxt verməlidirlər.

Samir
 

0