Mədə xərçəngi riskini artıran ət məhsullarının növü açıqlandı

SAĞLAMLIQ
23:15 / 14.09.2026
42

Emal olunmuş ət məhsullarının — kolbasa, sosiska, bekon və vetçinanın — müntəzəm istehlakı mədə və qida borusu xərçəngi riskinin artması ilə əlaqəlidir. Emal olunmamış qırmızı ətlə isə belə bir əlaqə müəyyən edilməyib. Bu nəticəyə orta hesabla 14 il ərzində müşahidə olunan 450 mindən çox insanın məlumatlarını təhlil edən alimlər gəliblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “International Journal of Cancer” (IJC) jurnalında dərc olunub.

Hesablamalar göstərib ki, gündəlik rasiona əlavə edilən hər 30 qram emal olunmuş ət mədə xərçəngi riskini təxminən 9 faiz, qida borusunun adenokarsinoması riskini isə 13 faiz artırır. Ən nəzərəçarpan əlaqə mədə xərçənginin bağırsaq tipində müşahidə olunub.

Ağ ətlə bağlı ayrıca nəticə isə gözlənilməz olub. Qadınlarda gündəlik əlavə 20 qram quş ətinin qəbulu mədənin aşağı və orta hissələrində şişlərin yaranması riskinin 20 faiz artması ilə əlaqələndirilib. Müəlliflər bu nəticənin əlavə araşdırmaya ehtiyac duyduğunu bildirərək tələsik nəticələr çıxarmayıblar.

Tədqiqatçılar emal olunmuş ətin zərərli təsirini bir neçə amillə əlaqələndirirlər. Bunlara mədənin selikli qişasını qıcıqlandıra bilən yüksək duz miqdarı, emal və hisəvermə zamanı kanserogen birləşmələrin yaranması, eləcə də heyvan zülalının metabolizmi nəticəsində əmələ gələn maddələr daxildir.

Vacib məqam ondan ibarətdir ki, söhbət müşahidə xarakterli araşdırmadan gedir. Belə tədqiqatlar statistik əlaqəni müəyyən edir, lakin məhz ətin birbaşa xərçəngə səbəb olduğunu sübut etmir. Bununla belə, nəticələr rasionda emal olunmuş ət məhsullarının payının məhdudlaşdırılması ilə bağlı tövsiyələrlə uyğunluq təşkil edir.

Mədə xərçəngi dünyada ən geniş yayılmış onkoloji xəstəliklərdən biri olaraq qalır və çox vaxt gec mərhələlərdə aşkarlanır. Müəlliflər qeyd edirlər ki, emal olunmuş ətin payının hətta orta səviyyədə azaldılaraq onun əvəzinə tərəvəz, paxlalılar və tam taxıllı məhsulların istehlakının artırılması ümumi riski nəzərəçarpacaq dərəcədə azalda bilər. Bu, xüsusilə irsi meyli və ya mədənin xroniki xəstəlikləri olan insanlar üçün əhəmiyyətlidir.

Samir

0