Parisin tarixini dəyişə biləcək tapıntı: Qədim şəhərin izləri aşkarlandı

DÜNYA
17:49 / 24.09.2026
40

Fransanın paytaxtı Parisdə, Notr-Dam kilsəsinin yaxınlığındakı Sita adasında aparılan qazıntılar zamanı arxeoloqlar 4 metr dərinlikdə qədim müdafiə istehkamlarına xas olan daş və ağacdan hazırlanmış 20 metrlik divarın bir hissəsini aşkar ediblər. Alimlər bu ərazinin Parisin tarixi mərkəzi olduğunu və şəhərin məhz burada yarandığını bildiriblər. Fransanın mədəniyyət naziri Katrin Peqar tapıntını “mühüm elmi irəliləyiş” adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə “Le Monde” yazıb.

Arxeoloqlar divarı, eləcə də onun yaxınlığında aşkarlanan nizə ucluğunu, sikkələri və yanmış toxumları qədim Qalliya məskəni Lutetsiyanın izləri kimi qiymətləndiriblər. Burada Parisə adını verən parizilər tayfası yaşayıb.

Alimlərin sözlərinə görə, bunlar Lutetsiyanın mövcudluğuna dair aşkarlanmış ilk maddi sübutlardır. İndiyədək bu barədə yalnız yazılı mənbələrdə, xüsusilə Yuli Sezarın “Qalliya müharibəsi haqqında qeydlər” əsərində məlumatlar mövcud olub. Əsərdə məskənin Sena çayının ortasındakı adada yerləşdiyi bildirilir.

Aşkarlanmış divarın yanmış ağacının radiokarbon analizi tikilinin e.ə. 200-10-cu illər arasına aid olduğunu göstərib. Bu nəticə e.ə. 52-ci ildə baş vermiş Lutetsiya döyüşü ilə əlaqəni təsdiqləyir. Qədim salnamələrə görə, həmin vaxt qalllar irəliləyən Roma legionlarının əlinə keçməməsi üçün möhkəmləndirilmiş şəhərlərini yandırıblar.

Bundan əvvəl Sita adasında Qalliya məskənlərinin heç bir izinə rast gəlinməmişdi. Alimlər gələcək Parisin ilk izlərinin 1990-cı illərdə qazıntılar zamanı böyük Qalliya məskəninin aşkarlandığı Nanterdə yerləşdiyini güman edirdilər. Onların ehtimalına görə, Sita adası daha sonra romalıların özləri tərəfindən salınıb.

Qazıntı ərazisinə baş çəkən Paris meri Emmanuel Qrequar deyib: “Paris şəhərinin yarandığı yerdə dayandığını dərk etmək insanın başını gicəlləndirir”.

Samir

0