Alimlər 99 milyon illik kəhrəba içində sirli “Teletubbies” canlısı tapdı

DÜNYA
20:37 / 06.10.2026
61

Tel-Əviv Universitetinin alimləri çinli həmkarları ilə birgə təxminən 99 milyon il əvvəl, dinozavrlar dövründə Yer kürəsində yaşamış tarixəqədərki həşəratın yeni növünü aşkar edib və təsvir ediblər. 

HİT.az xəbər verir ki, inanılmaz dərəcədə uzun ağız aparatına malik bu kiçik canlı ilə bağlı araşdırmanın nəticələri "Insects" elmi jurnalında dərc olunub.

Tədqiqatçılar Cretoduros noonoo adlandırılan fosili Myanma kəhrəbasının bir parçasında aşkar ediblər. Qeyri-rəsmi olaraq "Nu-nu" adı verilən həşərat bu adı qeyri-adi görünüşünə görə uşaqlar üçün nəzərdə tutulan "Teletubbies" televiziya şousunun uydurma personajının şərəfinə alıb. Qədim canlının əsas xüsusiyyəti onun olduqca uzun və elastik ağız orqanları olub. Bu orqanlar həşəratın öz bədəninin uzunluğundan təxminən iki dəfə çox olub.

Sərt iynəvari xortuma malik müasir qohumlarından fərqli olaraq, qədim həşəratların orqanı çoxsaylı eninə büküşlərlə örtülüb. Mikroküter tomoqrafiyasından istifadə edən tədqiqatçılar müəyyən ediblər ki, bu büküşlər sadəcə naxış olmayıb. Onlar büzməli boru kimi fəaliyyət göstərərək xortuma elastiklik verib və onun sınmasının qarşısını alıb. Kəhrəbanın içində hətta ağız aparatı əyilmiş vəziyyətdə qorunmuş nümunələr də aşkarlanıb ki, bu da onun canlı vaxtı hərəkətli olduğunu birbaşa sübut edir.

"Tədqiqatın həmmüəllifi doktor Leonidas-Romanos Davranoglunun sözlərinə görə, "Nu-nu"nun kəşfi bizə dinozavrlar dövrünün həşərat dünyasına nəzər salmaq üçün unikal imkan yaradır. Bu heyvan müasir analoqu olmayan təkamül həlli formalaşdırıb: ağac qabığının dərinliklərindən qida əldə etmək üçün uzun, elastik və möhkəm orqan".

Alimlər ehtimal edirlər ki, uzun xortum həşərata ağac qabığındakı dar çatlara nüfuz edərək dərin damarlardan şəkərlə zəngin bitki şirəsini sormağa imkan verib. Orqanın ucunda qidalanma zamanı açılan iki yivli çıxıntı yerləşib. Bu çıxıntılar canlı ağac gövdəsinin daxilində tikinti dübelinə bənzər şəkildə bədəni sabitləyib.

Tədqiqatçılar qeyd edirlər ki, belə strukturların təbaşir dövründə müxtəlif növlərdə meydana çıxması həmin dövrün özünəməxsus ekoloji şəraitindən xəbər verir. Tez-tez baş verən yanğınlar ağacları qalın qabıq əmələ gətirməyə məcbur edib və bu da uzun orqanlara malik növlərə təkamül üstünlüyü verib.

Müasir kəpənəklərin uzun xortumlarından nektar toplamaq üçün istifadə etməsinə baxmayaraq, tədqiqatçılar "Nu-nu"nun xortumunun başqa funksiyanı yerinə yetirdiyinə əmindirlər. Fosillərdə həşəratların bədənində tozcuq izləri aşkar edilməyib və bu, onların tozlandırıcı rolunu istisna edir. Böyük ehtimalla, bu canlılar ağac şirəsi ilə qidalanan, yüksək dərəcədə ixtisaslaşmış orqanizmlər olub.

Zaman keçdikcə planetin ekologiyası dəyişib, qalın qabıqlı meşələr öz yerini digər bitki növlərinə verib və bu unikal təkamül istiqaməti nəticədə çıxılmaz yola çevrilib.

Samir
 

0