Qış aylarında təbii qida mənbələri azaldığından ağacdələnlərin yem tapması çətinləşə bilər. Bu quşları həyətə cəlb etmək üçün yem qabına düzgün qida yerləşdirmək və onlar üçün təhlükəsiz şərait yaratmaq tövsiyə olunur.
Qaynarinfo xəbər verir ki, UNIAN nəşri Polşanın “Złote Przeboje” portalına istinadən ağacdələnləri qışda cəlb edən qidalar barədə yazıb.
Məlumata görə, soyuq havalarda ağacdələnlər üçün ən cəlbedici məhsullardan biri duzsuz piydir. Yağlı qida quşları cəlb etməklə yanaşı, onların soyuq aylarda enerji ehtiyacını ödəməyə də kömək edir. Bundan əlavə, yem qabına xırdalanmış qoz-fındıq, duzsuz yağlı bitki toxumları və quşlar üçün nəzərdə tutulan xüsusi yağ topları qoymaq olar.
Ağacdələnlərin qidalanması mövsümdən asılı olaraq dəyişir. Yaz və yay aylarında onlar əsasən həşəratlarla, sürfələrlə və qarışqalarla qidalanırlar. Payızda toxumlara, qoz-fındığa və meyvələrə üstünlük verir, qışda isə daha çox enerji verən qidalara ehtiyac duyurlar.
Ağacdələnlər üçün hansı yem qabı uyğundur?
Yem seçimi ilə yanaşı, qabın quruluşu da əhəmiyyətlidir. Ağacdələnlər digər kiçik quşlarla müqayisədə daha iri olduqlarından onlar üçün geniş, açıq və rahat yem qabları seçmək məsləhətdir. Quşların quyruqlarına söykənərək qidalana bilməsi üçün kifayət qədər yer olmalıdır.
Yem qabını ağacın yaxınlığında yerləşdirmək də faydalıdır. Bu, ağacdələnlərə təhlükə hiss etdikdə tez gizlənmək və ağac gövdəsi boyunca yemə yaxınlaşmaq imkanı verir.
Quşları bəsləyərkən nələrə diqqət etmək lazımdır?
Ağacdələnlərə verilən qida təzə və keyfiyyətli olmalıdır. Duzlu məhsullardan, kiflənmiş yemlərdən və xarab olmuş yağlardan istifadə etmək olmaz. Belə qidalar quşların sağlamlığına zərər verə bilər.
Mütəxəssislərin tövsiyələrinə əsasən, qış boyunca quşları müntəzəm bəsləmək vacibdir. Təhlükəsiz yerdə qida tapan ağacdələnlər həmin məkana yenidən qayıda bilərlər. Əlavə yemləməni yazda təbii qida mənbələri artana qədər davam etdirmək mümkündür.
Samir


