İtaliyalı fermer Klaudio Qrossi evinin çardağında tapdığı sirli toxumları əkərək qeyri-adi buğda növünü yenidən üzə çıxarıb. Bu bitkinin bir gövdəsində yeddi sünbül əmələ gəlir və quraqlığa adi buğda sortlarından daha yaxşı dözür. Fermerin kəşf etdiyi qədim buğda növünün xüsusiyyətləri iqlim dəyişiklikləri fonunda kənd təsərrüfatı üçün maraq doğurur.
HİT.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.
Hadisə 1990-cı illərin əvvəllərində İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında baş verib. Qrossi evinin çardağını təmizləyərkən ulu babasından qaldığı ehtimal edilən köhnə toxum kisəsi tapıb. Toxumların quruyub çatlamasına görə onların cücərəcəyinə inanmasa da, fermer onları peyin yığınının üzərinə səpib.
Bir müddət sonra toxumlar cücərərək bir neçə buğda növünün yaranmasına səbəb olub. Onlardan biri xüsusilə diqqət çəkib: bitkinin hündürlüyü təxminən 1,8 metrə çatıb, mərkəzdəki uzun sünbülün ətrafında isə altı kiçik sünbül əmələ gəlib. Dənlərin rəngləri də fərqlənib — sarı, qara, qırmızı, ağ və yaşıl nümunələr müşahidə olunub.
Bibliyada təsvir edilən buğda ilə əlaqəsi
Qrossi qeyri-adi bitkinin xüsusiyyətlərini araşdırarkən Bibliyada fironun yuxusu ilə bağlı rəvayəti xatırlayıb. Həmin hekayədə bir gövdədə yeddi dolu sünbülün, ardınca isə yeddi arıq sünbülün bitdiyi təsvir olunur.
Araşdırmalar nəticəsində bitkinin Triticum turgidum növünə aid olduğu müəyyən edilib. Bu qədim buğda növünün Aralıq dənizi hövzəsində, o cümlədən indiki Türkiyə və Misir ərazilərində yetişdirildiyi bildirilir. İtaliyada da əvvəllər becərilən buğda zamanla daha məhsuldar kommersiya sortları ilə əvəzlənib.
Quraqlığa davamlıdır, lakin zəif cəhətləri də var
Fermer qədim buğdanı “grano del miracolo” — “möcüzə dənəsi” adlandırıb. Onun müşahidələrinə görə, bu bitki quraqlıq şəraitində daha yaxşı inkişaf edir, hündür gövdəsi alaq otlarının böyüməsini məhdudlaşdırır və intensiv gübrə ilə herbisid istifadəsinə ehtiyacı azalda bilər.
Bununla belə, hündür gövdələr güclü külək, leysan və dolu zamanı asanlıqla yerə yatdığı üçün məhsul itkisi riski yaradır. Qrossi bu problemi qədim buğdanı alçaqboylu sortlarla yanaşı əkməklə həll etməyə çalışıb.
Məlumata görə, “möcüzə buğdası” fosfor və dəmir baxımından bəzi müasir sortlardan daha zəngindir. Onun tərkibində lizin, triptofan və arginin kimi amin turşuları da müəyyən edilib, qlüten miqdarının isə daha aşağı olduğu bildirilir.
Bu undan hazırlanan xəmir adi buğda unundan hazırlanan xəmir qədər yaxşı qabarmır və bişirmə zamanı çökə bilir. Bununla belə, fermerin sözlərinə görə, əldə edilən çörək daha dolğun, qozabənzər dada və xüsusi şirinliyə malikdir.
Qeyd edək ki, buğdanın Bibliyadakı hekayə ilə oxşarlığı onun həmin dövrə aid olduğunu sübut etmir. Kəşfin əsas əhəmiyyəti qədim kənd təsərrüfatı sortlarının müasir iqlim şəraitində hansı üstünlüklər verə biləcəyinin araşdırılmasıdır.
Samir


