Tunis qış aylarında səyahət etmək istəyən turistlər üçün maraqlı istiqamətlərdən birinə çevrilir. Ölkənin cənubundakı qədim yaşayış məntəqələri, qeyri-adi memarlıq nümunələri və “Ulduz müharibələri” filmlərinin çəkildiyi məkanlar səyahət həvəskarlarının diqqətini çəkir. Məşhur kino franşizasının pərəstişkarları Lyuk Skayuokerin uşaqlıq evi kimi tanınan tikilini də burada görə bilərlər.
HİT.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti istinadən yazıb.
Turistlərin diqqətini çəkən əsas məkanlardan biri Aralıq dənizində, Tunisin cənub-şərq sahillərində yerləşən Cerba adasıdır. Adanın əsas şəhəri Houmt-Suq bazarları, dar küçələri və rəngarəng ticarət mühiti ilə seçilir. Burada ərəb, fransız, italyan və digər mədəniyyətlərin izlərini görmək mümkündür. Cerba 2023-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Lyuk Skayuokerin evi Matmatada yerləşir
Cerbadan ölkənin içərilərinə doğru təxminən bir saat yarımlıq məsafədə yerləşən Matmata bölgəsi turistlər üçün daha bir maraqlı dayanacaqdır. Burada am azıqların — Şimali Afrikanın yerli xalqlarından birinin — ənənəvi yeraltı evləri qorunub saxlanılıb. Qayalıqlarda qazılmış bu tikililər yay istisində daxili temperaturun sərin qalmasına imkan verir.
Matmatadakı Sidi Driss oteli isə “Ulduz müharibələri” filmləri ilə bağlılığına görə məşhurdur. Əvvəllər yaşayış evi olan bu tikili kino dastanının iki filminin çəkilişlərində istifadə edilib və baş qəhrəman Lyuk Skayuokerin uşaqlıq evi kimi təqdim olunub. Oteldə filmin personajları ilə bağlı dekorativ elementlər, o cümlədən Dart Veyderin surəti də var.
Qədim memarlıq və səhranın fərqli mənzərələri
Tunisin cənubunda yerləşən Dəhar bölgəsi də özünəməxsus təbiəti və tarixi irsi ilə seçilir. Burada adi qum təpələrindən daha çox qayalıqlar, quraq vadilər və yamaclara oyulmuş yaşayış evləri ilə qarşılaşmaq mümkündür.
Bölgədə am azıqların ərzaq ehtiyatlarını qorumaq üçün inşa etdikləri qədim möhkəmləndirilmiş anbarlar — ksarlar da var. Onların bəziləri bu gün otel, restoran və muzey kimi fəaliyyət göstərir. XIII əsrdə tikildiyi bildirilən Ksar Uled Dəbbab da bu məkanlardan biridir.
Şenini kəndi isə dağ yamacındakı daş evləri və tarixi abidələri ilə diqqət çəkir. Burada turistlər ənənəvi am azıq mətbəxi ilə tanış ola, yerli sənətkarların hazırladığı xalça və keramika nümunələrini əldə edə bilərlər. Kənddəki Yeddi Yatmışlar məscidi də yerli əfsanələrlə bağlı tanınmış məkanlardan sayılır.
Turistlər üçün qiymətlər və nəqliyyat imkanları
Nəşrin məlumatına görə, Cerba adasına Londonun Luton hava limanından və Mançester şəhərindən həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirilir. Biletlərin gediş-dönüş qiyməti 105 funt sterlinqdən başlayır. Digər günlərdə isə Tunisə tranzitlə uçmaq mümkündür.
Matmata, Tatauin və Şenini kimi məkanları gəzmək istəyənlərə yerli bələdçilərin xidmətlərindən yararlanmaq tövsiyə olunur. “Grand Sahara Adventures” şirkətinin dörd nəfərlik qruplar üçün təşkil etdiyi birgünlük turların qiyməti 70 avrodan başlayır.
Bölgədə müxtəlif büdcələrə uyğun qalmaq imkanları da mövcuddur. Matmatadakı Dar Sidi Idris otelində gecələmək 65 funt sterlinqdən, Ksar Uled Dəbbabda 90 funt sterlinqdən, Şeninidəki ənənəvi yeraltı Kenza evində qalmaq isə 40 funt sterlinqdən başlayır.
Tunisin cənubu həm kino həvəskarları, həm də tarixi memarlıq və fərqli mədəniyyətlərlə maraqlanan turistlər üçün cəlbedici istiqamət hesab olunur. Cerbanın sahil mənzərələrini qədim yaşayış məntəqələri və “Ulduz müharibələri”nin çəkiliş məkanları ilə birləşdirmək səyahətə fərqli məzmun qazandıra bilər.
Samir


