Dunay sahilində 4500 kvadratmetrlik Roma iqamətgahı aşkarlandı

DÜNYA
17:29 / 29.10.2026
66
0:00 / 0:00

Bolqarıstanda arxeoloqlar qədim Roma qalası Novaedə təxminən 4500 kvadratmetr sahəni əhatə edən möhtəşəm tikilinin qalıqlarını aşkar ediblər. Alimlər hesab edirlər ki, bu bina Roma legionunun komandirinə məxsus iqamətgah ola bilər. Qazıntılar zamanı dəbdəbəli hamam kompleksi, divar rəsmləri, heykəllər və nadir tarixi əşyalar tapılıb.

HİT.az xəbər verir ki, bu barədə Rumıniyanın “Historia” portalı məlumat yayıb.

Novae Roma və daha sonra Bizans imperiyalarının mühüm hərbi mərkəzlərindən biri olub. Burada eramızın I əsrində yaradılmış Birinci İtaliya legionu yerləşib. Aşkar edilən tikili ölçüsünə görə hərbi düşərgədə qərargah və hospitaldan sonra üçüncü yerdə olub.

Arxeoloji araşdırmalar binanın adi hərbi tikililərdən fərqli olaraq xüsusi dəbdəbə ilə inşa edildiyini göstərib. Burada geniş hamam kompleksi olub, divarlar freskalarla bəzədilib, döşəmələr isə rəngli kərpiclərlə işlənib. Arxeoloqlar həmçinin bürünc mebel parçaları, heykəlciklər, qiymətli keramika nümunələri və yazılı qurbangahlar aşkar ediblər.

Legion komandirinin şəxsi iqamətgahı ola bilər

Tədqiqatçıların ilkin ehtimalına görə, tikili legionun komandiri olan legatın yaşadığı pretori adlanan iqamətgah ola bilər. Varşava Universitetinin Cənub-Şərqi Avropa Qədimlikləri Araşdırmaları Mərkəzinin direktoru, arxeoloq Peter Diçek bildirib ki, Roma hərbi qalalarında ayrıca hamam kompleksləri nadir hallarda olub və belə böyük şəxsi hamamın yalnız yüksək rütbəli komandirə məxsus olması mümkündür.

Bununla belə, alimlər hələlik bu ehtimalı qəti təsdiqləməyiblər. Hipotez sübuta yetirilərsə, tapıntı xüsusi əhəmiyyət daşıyacaq. Çünki indiyədək Roma legion komandirlərinin iqamətgahlarını əsasən ayrı-ayrı qalıqlar əsasında bərpa etmək mümkün olub.

Misir tanrısının fiquru da tapılıb

Qazıntıların ən maraqlı tapıntılarından biri Misir tanrısı Priapın kiçik bürünc fiqurudur. Dunayın aşağı axarında indiyədək bu tip cəmi beş artefakt məlum olub.

Tədqiqatçılar belə əşyaların tapılmasını legionerlər arasında Yaxın Şərqlə əlaqələri olan insanların mövcudluğu ilə əlaqələndirirlər.

Bundan başqa, üzərində yazılar olan iki qurbangah, Mitra tanrısının başı, Roma imperatorunun rəsmi portretinə aid mərmər baş parçası və şam qozasını xatırladan nadir memarlıq elementi aşkarlanıb.

Arxeoloqların fikrincə, tapıntıların ətraflı araşdırılması qədim Roma hərbi elitasının həyat tərzi, dini inancları və hərbi düşərgələrdəki məişət şəraiti barədə yeni məlumatlar əldə etməyə imkan verə bilər.

Samir

0