Çində Yantszı çayında balıq ovuna qadağa nəticə verdi: Populyasiya kəskin artdı

DÜNYA
19:58 / 29.10.2026
66

Çində Yantszı çayının hövzəsində kommersiya məqsədli balıq ovuna qoyulan qadağadan sonra su canlılarının sayında əhəmiyyətli artım qeydə alınıb. Araşdırmaya görə, qadağanın tətbiqindən sonrakı üç il ərzində iri balıq növlərinin ümumi biokütləsi 232 faizdən çox artıb, növ müxtəlifliyi isə 13 faiz yüksəlib.

HİT.az xəbər verir ki, bu barədə “IFLScience” məlumat yayıb.

Asiyanın ən uzun çayı olan Yantszı onilliklər ərzində həddindən artıq balıq ovu, çirklənmə, faydalı qazıntıların çıxarılması və bəndlərin tikintisi səbəbindən ciddi ekoloji problemlərlə üzləşib. Nəticədə bir çox balıq növünün sayı azalıb, əvvəllər çayda yaşayan ən azı 135 növün isə yoxa çıxdığı bildirilir.

Çin hakimiyyəti 2021-ci ildə çay hövzəsində kommersiya məqsədli balıq ovuna 10 illik qadağa tətbiq edib. Proqramın həyata keçirilməsinə 2,74 milyard dollardan çox vəsait ayrılıb. Bu çərçivədə 111 min balıqçı qayığı istismardan çıxarılıb, balıqçılıqla dolanan 231 mindən çox insan isə başqa iş sahələrinə yönəlməli olub.

Nadir növlərdə də bərpa əlamətləri görünür

Çin Elmlər Akademiyasının tədqiqatçıları qadağadan əvvəlki dövrü və onun tətbiqindən sonrakı ilk üç ili müqayisə edərək çayın 57 hissəsində balıq populyasiyalarını araşdırıblar. Nəticələr iri balıqların biokütləsinin 232 faizdən çox artdığını göstərib.

Çin sormac balığı və Yantszı nərəsi kimi nadir növlərdə də bərpa əlamətləri müşahidə olunub. Bununla belə, bəndlər bu balıqların kürüləmə sahələrinə çatmasına mane olmaqda davam edir.

Müsbət dəyişikliklər Yantszı çayında yaşayan üzgəcsiz donuzbalığının sayında da qeydə alınıb. Dünyada yalnız şirin suda yaşayan bu növün fərdlərinin sayı 2017-ci ildəki 445-dən 2022-ci ildə 595-ə yüksəlib.

Alimlər uzunmüddətli müşahidələrin vacibliyini vurğulayırlar

Tədqiqat müəllifləri əldə olunan nəticələrə ehtiyatlı nikbinliklə yanaşırlar. Onların fikrincə, balıq ovuna qadağanın yaratdığı müsbət təsirin davamlı olub-olmayacağını müəyyənləşdirmək üçün uzunmüddətli müşahidələr aparılmalıdır.

Alimlər xəbərdarlıq edirlər ki, sənaye miqyaslı balıq ovunun yenidən başlaması və su canlılarının yaşayış mühitinin pisləşməsi indiyədək əldə olunan irəliləyişi təhlükə altına sala bilər. Onların qənaətinə görə, populyasiyaların qorunması üçün təkcə ov məhdudiyyətləri deyil, çayın ekoloji vəziyyətinin yaxşılaşdırılması da vacibdir.

Samir
 

0