Arı ailələrini təhdid edən Asiya eşşəkarısı Avropada yayılır - Alimlərdən xəbərdarlıq

DÜNYA
21:55 / 28.10.2026
61

Avropada bal arıları üçün ciddi təhlükə yaradan Asiya sarıayaqlı eşşəkarısının yayılması ilə bağlı narahatlıq artır. Polşada bu növün ilk yuvası aşkarlanaraq məhv edilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, görülən tədbirlərə baxmayaraq, gələn yaz ərazidə onlarla yeni eşşəkarısı yuvası yarana bilər.

HİT.az xəbər verir ki, bu barədə Polşanın “Fakt” nəşri məlumat yayıb.

Oktyabrın 19-da Krakov yaxınlığında aparılan əməliyyata Sileziya Universitetinin alimi Lukaş Nitseviç və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Əməliyyat ətraf mühitin mühafizəsi üzrə regional qurumun icazəsi ilə həyata keçirilib.

Yuva aşkar edildikdən və həşəratların hamısı gecələmək üçün oraya qayıtdıqdan sonra mütəxəssislər xüsusi kimyəvi maddələrdən istifadə edərək koloniyanı məhv ediblər. Yuva daha sonra elmi araşdırma aparılması üçün alimlərə təhvil verilib.

Lakin mütəxəssislər bir yuvanın məhv edilməsinin təhlükəni tam aradan qaldırmadığını bildirirlər. Nitseviçin sözlərinə görə, gənc ana eşşəkarılarının bir qismi koloniyanı artıq tərk edərək qışlamaq üçün yer axtarmağa başlamış ola bilər. Buna görə də gələn yaz həmin ərazidə ən azı bir neçə onlarla yeni yuvanın yaranacağı ehtimal edilir.

Yeni koloniyalar əsasən yay aylarında, yuvalar ağacların hündür hissələrində yerləşəndə daha asan nəzərə çarpır. Alimlər ərazidə müşahidələrin davam etdirilməsinin və yeni yuvalar aşkarlandıqda vaxtında tədbir görülməsinin vacibliyini vurğulayırlar.

Bu həşəratın fərqləndirici xüsusiyyətləri arasında bədəninin əsasən qara rəngdə olması, qarın hissəsinin ucunun sarı-narıncı çalarlarla seçilməsi və bədənində sarı-narıncı zolağın görünməsi var. Gözlərinin arasında da narıncı rəngli hissə yerləşir.

Ayaqlarının son üç buğumunun tamamilə sarı olması da bu növü digər eşşəkarılarından fərqləndirən əlamətlərdəndir. Tədqiqat üçün toplanan nümunələrin uzunluğu təxminən 2,5 santimetrdir.

Asiya sarıayaqlı eşşəkarısı bal arılarını əsas qida mənbələrindən biri kimi ovlayır. Bu səbəbdən onun yayılması arıçılıq təsərrüfatları üçün ciddi problem yarada bilər. Mütəxəssislər yuvaların vaxtında aşkarlanaraq məhv edilməsinin arı koloniyalarını qorumağa kömək edə biləcəyini düşünürlər.

Samir

0