Alimlər Plutonun orbitindən kənarda yerləşən və buzla örtülü cırtdan planet ola biləcəyi ehtimal edilən yeni səma cismi aşkarlayıblar. 2026 ED138 adlandırılan obyektin ölçüləri təsdiqlənərsə, o, son iki onillikdə kəşf edilmiş ən böyük transneptun obyektlərindən biri ola bilər.
HİT.az xəbər verir ki, kəşf Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri tərəfindən Vera Rubin Rəsədxanasının məlumatları əsasında edilib. Bu barədə Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planetlər Mərkəzinin elektron bülletenində məlumat verilib.
İlkin hesablamalara görə, səma cismi Günəşdən təxminən 6,9 milyard kilometr, yəni 46 astronomik vahid məsafədə yerləşir. Onun diametrinin 600-1500 kilometr arasında olduğu ehtimal edilir.
Astrofizik Metyu Holman obyekti oktyabrın 13-də teleskop müşahidələrinin təhlili zamanı müəyyən edib. Daha sonra Vaşinqton Universitetindən astronom Mario Juriç 2026-cı ilin martından aparılmış əlavə müşahidələri aşkarlayıb. Arxiv görüntüləri isə cismin orbitini 2016-cı ilə qədər izləməyə imkan verib.
Tədqiqatçıların diqqətini çəkən məqamlardan biri obyektin orbitinin Günəş sisteminin əsas müstəvisinə təxminən 25 dərəcə meyilli olmasıdır. Alimlər bu xüsusiyyətin keçmişdə Neptunun cazibə qüvvəsinin cismin hərəkət trayektoriyasını dəyişdirməsi ilə bağlı ola biləcəyini düşünürlər.
Səma cisminin cırtdan planet statusu alması üçün öz cazibə qüvvəsi hesabına təxminən kürə formasına düşəcək qədər böyük kütləyə malik olması lazımdır. İlkin qiymətləndirmələr 2026 ED138-in bu meyara uyğun gələ biləcəyini göstərsə də, statusun təsdiqi üçün əlavə müşahidələr tələb olunur.
Hazırda Beynəlxalq Astronomiya İttifaqı beş cırtdan planeti rəsmi olaraq tanıyır: Serera, Pluton, Erida, Haumea və Makemake. Yeni obyektin statusu təsdiqlənərsə, bu siyahıya daha bir səma cismi əlavə oluna bilər. Alimlər Vera Rubin Rəsədxanasının uzunmüddətli müşahidələrinin Günəş sisteminin ucqar bölgələrində başqa naməlum obyektlərin də aşkarlanmasına kömək edəcəyini gözləyirlər.
Samir


