Ukraynada mümkün sülhməramlı missiyada iştirak edəcək Britaniya və digər Avropa ölkələrinin hərbçiləri Rusiya qüvvələrinin hücumuna məruz qalacaqları təqdirdə silahdan istifadə edə biləcəklər. Bununla yanaşı, gələcək hərbi kontingent ABŞ-ın hərbi texnologiyalarından, o cümlədən İlon Maska məxsus Starlink peyk rabitə sistemindən asılı olmayacaq.
HİT.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Britaniya və Fransanın rəhbərlik edəcəyi çoxmillətli qüvvələr Ukraynada yalnız müdafiə xarakterli fəaliyyət göstərəcək. Lakin onların döyüş qaydaları Rusiya tərəfindən istənilən hücuma, o cümlədən pilotsuz uçuş aparatlarının hücumlarına cavab verməyə imkan yaradacaq. Qərb rəsmilərindən biri bildirib ki, missiyanın əsas məqsədi hərbçiləri mümkün təcavüzdən qorumaqdır.
Gələcək əməliyyata hazırlıq çərçivəsində noyabrın sonunda Polşada “Koalisiya” adlı hərbi təlimlər keçiriləcək. Britaniya və Fransanın təşkilatçılığı ilə baş tutacaq manevrlərdə 11 ölkədən ümumilikdə 2800 hərbçi, dənizçi və aviasiya heyətinin iştirakı nəzərdə tutulur. Təlimlərdə Polşa, Almaniya, Belçika, Estoniya, Litva, Niderland, İspaniya, İsveç və Türkiyə də təmsil olunacaq.
Britaniya general-leytenantı Tom Beytmanın sözlərinə görə, təlimlərin əsas məqsədi döyüşlər başa çatdıqdan sonra Avropa qüvvələrinin Ukraynaya sürətlə yerləşdirilməsi imkanlarını yoxlamaq və Kiyevə etibarlı təhlükəsizlik təminatları verməkdir.
Nəşr qeyd edir ki, gələcək kontingent NATO qüvvələrinin tərkibində fəaliyyət göstərməyəcək və ABŞ-ın dəstəyinə ciddi şəkildə arxalanmayacaq. Bu yanaşma Vaşinqtonun müttəfiqlərinə hərbi dəstəyinin etibarlılığı ilə bağlı narahatlıqlardan qaynaqlanır. ABŞ prezidenti Donald Tramp da daha əvvəl atəşkəs əldə olunsa belə, Ukraynaya sülhməramlı missiya çərçivəsində Amerika hərbçilərini göndərməyəcəyini açıqlayıb.
Avropa hərbçilərinin əsasən cəbhə xəttindən uzaqda yerləşdirilməsi planlaşdırılır. Onların vəzifələrindən biri müharibədən sonra Ukrayna Silahlı Qüvvələrinin bərpasına və gücləndirilməsinə kömək etmək olacaq. Bununla belə, 2014–2022-ci illərdə atəşkəs dövründə baş verən lokal silahlı insidentlər nəzərə alınaraq, Rusiya ilə mümkün toqquşmalar riski də istisna edilmir.
Təhlükəsizlik planlarına Ukraynanın kommersiya hava limanlarının fəaliyyətinin bərpasına dəstək və ölkənin hava məkanında Avropa qırıcılarının patrul xidməti də daxildir. Bundan başqa, Qara dənizdə minalardan təmizləmə əməliyyatının keçirilməsi nəzərdə tutulur. Bu missiyaya Türkiyənin rəhbərlik etməsi planlaşdırılır.
Bununla belə, sülhməramlı qüvvələrin Ukraynaya yerləşdirilməsi hələlik ehtimal olaraq qalır. Payızda aparılan sülh təşəbbüslərində ciddi irəliləyiş əldə olunmayıb. Nəşrin məlumatına görə, bu ay ABŞ-ın vasitəçiliyi ilə üçtərəfli danışıqların keçirilməsi də nəzərdə tutulur.
Samir


