Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri vəzifəsinə təyin edilib.
HİT.az xəbər verir ki, yeni təyin olunan sədr 1984-cü ildə anadan olub.
Səbuhi Sadıqov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr təhsilini fərqlənmə ilə başa vurub.
O, 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) ixtisas dərəcəsinə layiq görülüb.
Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayan Sadıqov 2007-2018-ci illərdə beynəlxalq audit və konsaltinq şirkəti “Ernst & Young”da müxtəlif vəzifələrdə çalışıb. O, burada baş menecer vəzifəsinədək yüksəlib.
2018-2021-ci illərdə PMD şirkətlər qrupunun Audit departamentinin direktoru vəzifəsini tutub. Həmin dövrdə bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri kimi də fəaliyyət göstərib.
Prezidentin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilən Səbuhi Sadıqov son təyinatadək bu vəzifədə çalışıb.
Qeyd edək ki, Səbuhi Sadıqov ailəlidir, iki övladı var.


