İngiltərədə metal axtaran şəxs 1000 illik qızıl artefakt tapdı – "Tanrının əli"

DÜNYA
17:44 / 03.11.2026
50

İngiltərədə metal detektoru ilə axtarış aparan 58 yaşlı kişi təxminən 1000 il əvvələ aid nadir qızıl əşya aşkarlayıb. Mütəxəssislər əl formasında hazırlanan bu artefaktın xristianlıqda “Tanrının əli” kimi tanınan dini simvolu əks etdirə biləcəyini düşünürlər.

HİT.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Northempton şəhərindən olan Nik Berri tapıntını Hempşir qraflığının Aşmansvort kəndi yaxınlığındakı əkin sahəsində metal detektoru ilə axtarış apararkən üzə çıxarıb. Onun sözlərinə görə, cihazdan güclü siqnal gəldikdən sonra torpağı qazmağa başlayıb və qızılı parıltı görüb. Əşyanın vəziyyətinin demək olar ki, ideal olduğunu bildirən Berri bunun qeyri-adi tapıntı olduğunu dərhal anlayıb.

İlkin araşdırmalara əsasən, artefakt IX-X əsrlərə aid edilir. Ehtimal olunur ki, o, boyundan asılan bəzək əşyası kimi istifadə edilib və imkanlı şəxsə, yaxud zadəgan ailəsinin nümayəndəsinə məxsus olub.

“Treasure Hunting” jurnalının redaktoru Culian Evan-Hart qızıl əşyanın xristianlıqda mühüm yer tutan “Tanrının əli” simvolunu ifadə edə biləcəyini bildirib. Bu təsvirə son sakson və vikinq dövrlərinə aid gümüş sikkələrdə, eləcə də kilsə incəsənətində rast gəlinir.

Tapıntı barədə yerli arxeoloji artefaktların qeydiyyatı üzrə mütəxəssisə məlumat verildikdən sonra əşya tədqiqat üçün Britaniya Muzeyinə göndərilib. Artefakt rəsmi olaraq xəzinə statusu alıb.

Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, onun dəyəri on minlərlə, hətta yüz minlərlə funt sterlinq ola bilər. Əgər muzey və ya başqa dövlət qurumu tapıntını satın alarsa, əldə ediləcək məbləğ metal axtarışını aparan şəxslə torpaq sahibinin arasında bölüşdürülə bilər.

Qeyd edək ki, Nik Berri 30 ildən artıqdır metal detektoru ilə axtarış aparır. O, bu tapıntını həyatında qarşılaşdığı ən böyük kəşf adlandırıb.

Samir
 

0