Finlandiya Prezidenti Aleksandr Stubb yaxın bir-iki həftə ərzində Ukrayna, ABŞ, Rusiya və Avropa nümayəndələrinin iştirakı ilə yeni formatda texniki görüş keçirilə biləcəyini bildirib. Belə bir təmas baş tutarsa, avropalılar ilk dəfə müharibənin dayandırılması ilə bağlı danışıqlarda birbaşa iştirak edəcəklər.
HİT.az xəbər verir ki, Stubb bu barədə jurnalist Kristiane Amanpurla müsahibəsində danışıb.
Finlandiya liderinin sözlərinə görə, Avropa nümayəndələrinin danışıqlar masasında yer alması üçün real imkan yaranıb.
“Mən hesab edirəm ki, avropalıların danışıqlar masasında iştirak etməsi üçün real ehtimal var”, – deyə Stubb bildirib.
Əbu-Dabi görüşləri dialoqu bərpa edib
Finlandiya Prezidenti bir neçə həftə əvvəl danışıqlar prosesinin demək olar ki, dalana dirəndiyini də xatırladıb. O, Osloda keçirilən görüş zamanı tərəflərin Rusiya nümayəndələri olmadan bir araya gəldiyini və həmin vaxt prosesin pozulmaq təhlükəsi ilə üzləşdiyini söyləyib.
Stubbin fikrincə, vəziyyətə Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən üçtərəfli görüşlər müsbət təsir göstərib. Bu təmaslar tərəflər arasında dialoqun yenidən qurulmasına şərait yaradıb.
O, irəliləyiş əlamətlərindən biri kimi hərbi əsirlərin qarşılıqlı azad edilməsi barədə razılaşmanı göstərib. Bu məsələnin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner tərəfindən də gündəmə gətirildiyini qeyd edib.
Əsas müzakirə Moskvada keçirilə bilər
Stubb ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə Moskvada planlaşdırılan görüşünə də diqqət çəkib.
Onun fikrincə, əsas danışıqlar məhz bu görüş zamanı aparılacaq və bundan sonra prosesin hansı istiqamətdə davam edəcəyi aydınlaşacaq.
Finlandiya lideri mövqelər arasında ciddi fərqlərin olmasına baxmayaraq, bütün tərəflərlə dialoqun vacibliyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında üçtərəfli danışıqların ikinci mərhələsi başa çatıb. Görüş iki saatdan az davam edib. Həmin təmaslardan sonra ABŞ nümayəndələri Moskvaya yollanıblar.
Samir


