Qan xərçənginə qarşı üç növ yosun ekstraktının təsiri aşkarlandı

SAĞLAMLIQ
16:51 / 12.11.2026
34

Rusiya alimləri üç növ mikroyosunun qan xərçənginin bir növü olan leykemiya hüceyrələrinin həyat qabiliyyətini azaltdığını müəyyən ediblər. Kəşfin gələcəkdə xərçəngə qarşı yeni dərmanların hazırlanmasında istifadə oluna biləcəyi ehtimal edilir.

HİT.az xəbər verir ki, bu barədə Moskva Fizika-Texnika İnstitutunun (MFTİ) alimləri məlumat yayıblar.

Tədqiqatçılar 28 mikroyosun ştammından əldə edilən ekstraktları laboratoriya şəraitində sınaqdan keçiriblər. Araşdırma zamanı Closterium sp. SBV86, Cosmarium sp. SBV90 və Spondylosium planum SBV92 adlı üç növ desmid yosununun leykemiya hüceyrələrinin yaşama qabiliyyətini zəiflətdiyi üzə çıxıb.

Alimlər təcrübələrdə insan leykemiyasının HL-60 hüceyrə xəttindən istifadə ediblər. Mikroyosun ekstraktlarının təsirindən sonra hüceyrələrdə gen aktivliyində baş verən dəyişikliklər araşdırılıb. Bununla da hansı molekulyar proseslərin işə düşdüyü və ya zəiflədiyi müəyyənləşdirilib.

Tədqiqatda gen ifadəsinin təhlili və hüceyrələrə birbaşa təsirin yoxlanılması üsullarını birləşdirən xüsusi sistemdən istifadə olunub. Məlumatların emalı üçün Oncobox platforması tətbiq edilib.

Araşdırmanın müəllifləri bildiriblər ki, yeni yanaşma çoxsaylı mikroyosun nümunələrini eyni vaxtda qiymətləndirməyə və perspektivli ekstraktları daha erkən mərhələdə seçməyə imkan verir. Bu isə gələcək dərmanların hazırlanması istiqamətində vaxt və tədqiqat xərclərinə qənaət edə bilər.

Bununla belə, alimlər əldə olunan nəticələrin hələ ilkin xarakter daşıdığını vurğulayırlar. Metod yalnız bir növ şiş hüceyrəsi üzərində sınaqdan keçirildiyindən, təsirin digər xərçəng növlərinə də aid olduğunu söyləmək mümkün deyil.

Növbəti mərhələdə seçilmiş ekstraktların başqa şiş modellərində və sağlam hüceyrələr üzərində sınaqdan keçirilməsi planlaşdırılır. Tədqiqatın nəticələri gələcəkdə yeni antixərçəng preparatlarının hazırlanması üçün perspektiv yarada bilər.

Samir
 

0