Ərinin yerinə prezident seçilən, hazırda vitse-prezident olan dəmir ledi (FOTO)

DÜNYA
13:48 / 06.07.2020
3184

2003-2007-ci illərdə Aregentinanın prezidenti olan Nestor Kirşnerin yarımçıq qalmış memuarlarında həyat yoldaşı Kristina Fernandeslə bağlı yazılara daha çox yer verilib. 60 yaşında vəfat edən sabiq prezident siyasi fəaliyyətindəki qazandığı uğurlarda Kristina Fernandesin böyük rol oynadığını xüsusilə vurğulayıb:

“Kristina mənim həm şəxsi həyatımda, həm də siyasi fəaliyyətimdə mayak rolunu oynayıb. Biz tələbə dövründən siyasi proseslərə qoşulmuşuq. Mən yarı yoldan dönmək istəyirdim. Kristina buna mane oldu. Kafelərdə keçirdiyim saatları o, kitabxanalarla əvəz etdi, məni elmə, mütaliəyə cəlb etməyə nail oldu. Biz 1975-ci ildə ailə qurduq. Evlilikdən sonra elə düşünürdüm ki, hərəmiz öz işimizlə məşğul olacağıq. Amma düşündüyüm kimi olmadı, siyasət hər ikimizn əsas məşğuliyyətinə çevrildi. O, mənim siyasi təfəkkürümə, ictimai baxışlarıma böyük inamla yanaşırdı, məni prezident görmək istəyirdi və bütün bacarığını, gücünü sərf edib istədiyinə nail oldu. Seçkilər ərəfəsində Kristinanın fəallığı o dərəcəyə çatmışdı ki, keçirilən sorğular zamanı onun reytinqi məndən də, digər prezidentliyə namizədlərdən də üstün idi...”

Həyat yoldaşından sonra prezident kürsüsünə sahib olan Kristina Fernandesin adı Argentina tarixinə ölkənin ilk qadın prezidenti kimi düşüb.

Kristina Fernandes 1953-cü ildə Argentinanın La-Plata şəhərində anadan olub. Sadə bir ailədə dünyaya göz açan gələcək prezidentin atası avtobus sürücüsü işləyib. Ailənin maddi durumu qənaətbəxş olmasa da, valideynləri bütün imkanlarını qızlarının təhsilinə yönəldiblər. Kristina orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra La-Plata universitetində əvvəlcə psixologiya, sonra isə hüquq fakültəsində təhsil alıb.

Tələbəlik illərində ictimai fəallığı ilə fərqlənən Kristina, elə həmin illərdə digər bir ictimai fəal Nestor Krişnerlə tanış olub. Siyasi maraqları üst-üstə düşən hər iki gənc Gənclərin Peronist Təşkilatının fəal üzvlərinə çevriliblər.

1975-ci ildə Kristina Fernandes Nestor Krişnerlə ailə həyatı qurub. Kristina həyat yoldaşının ən yaxın köməkçisi, təbliğatçısı, siyasi karyerasının inkişafının aparıcı qüvvəsi olub. Uzun siyasi mübarizələrdən keçən cütlüyün fəaliyyəti nəticəsiz qalmayıb. 2003-cü ildə Nestor Krişner seçkilərdə qələbə qazanaraq prezident seçilib.

Nestor Krişnerin prezidentlik dövrü Argentina tarixinə iqtisadi dirçəliş, işsizliyin azalması, sosial həyatın yaxşılaşması illəri kimi düşüb. Təbii ki, əldə olunan bu müsbət nəticələrə görə Nestor Kirşnerin ikinci müddət prezident seçilməyə böyük şansı olub. Amma o, növbəti şeçkilərdə namizədliyini irəli sürməyib və həyat yoldaşına seçkilərə qatılmağı təklif edib. Kristina Fernandesin seçki kampaniyasında Nestor Krişner seçiciləri həyat yoldaşına səs verməyə çağırıb, Kristina Fernandesin kifayət qədər təcrübəli siyasətçi olduğunu, prezident seçiləcəyi təqdirdə ölkəyə böyük töhfələr verəcəyinin əminliyini bəyan edib.

Beləliklə, 2007-ci ildə Kristina Fernandes seçkilərdə qələbə qazanaraq Argentinanın ilk qadın prezidenti olub.

Siyasətçi xanımın birinci prezidntlik müddəti nisbətən sabit və sakit keçsə də, ikinci dəfə 2011-ci ildə yenidən prezident seçildikdən sonra qalmaqallı və səsli küylü hadisələr onun fəaliyyətindən yan keçməyib.

Xüsusi dəb və zövqlə geyimi ilə fərqlənən Kristina Fernandes zaman-zaman müxalifət düşərgəsi tərəfindən böyük ittihamlarla üzləşib. O, təkcə korrupsiyada, vəzifədən sui-istifadədə, dövlət vəsaitinin dağıdılmasında deyil, həm də zəngin həyat tərzi sürməkdə, böyük var-dövlətə sahib olmaqda da ittiham olunub.


Xanım prezidentin Fransaya rəsmi səfəri zamanı Parisdən 20 cüt ayaqqabı almasını isə əks qüvvələr ölkədə böyük şouya çevriblər. Ümumiyyətlə, Kristina Fernandesin zəngin qarderobu tez-tez gündəmə gəlib. O isə bu cür ittihamlara bir cümlə ilə cavab verib: “Mən həyatda iki şeydən zövq alıram, siyasətdən və şopinqdən. Dövlət başçısı kimi mən dəbli və zövqlü geyinməliyəm. Burada qeyri-adi bir şey yoxdur...”

Prezidentliyi dövründə bir sıra yeniliklərə imza atan Kristina Fernandes eynicinslilərin evlənməsini rəsmiləşdirib, ictimai yerlərdə tütün məmulatlarından istifadəyə qadağa haqqında qərar qəbul edib, siyasi islahatlar keçirib.

ABŞ və Böyük Britaniyanın ünvanına sərt fikirlər səsləndirməkdən çəkinməyən Kristina Fernandes Rusiya Federasiyası ilə daha sıx əlaqələr yaradıb.

2015-ci ildə prezidentlik müddəti başa çatmış Kristina Fernandesə qarşı daha bir ittiham qaldırılıb. Onu yol tikintisi və təmiri üçün ayrılmış vəsaitin yeyintisidə ittiham ediblər. İttihamda milyonlarla dolların yeyintisindən söhbət gedib.

2017-ci ildə daha bir qalmaqallı hadisə eks-prezidentin siyasi imicinə zərbə vurub. O, 1994-cü ildə Buenos-Ayresdəki terror aktında İranın təşkilatçılığını gizlətməkdə günahlandırılıb. Bununla bağlı məhkəmə Senatdan Kristina Fernandesin həbs olunması məsələsinin qaldırılmasını təklif edib.

Bir-birinin ardınca gələn ittihamlar sübuta yetirilə bilmədiyindən Kristina Fernandesi həbsə ata bilməyiblər. Digər tərəfdən, onu müdafiə edənlərin sayı da az olmayıb, xüsusilə ölkənin sıravi təbəqəsi onun müdafiəsinə qalxıb.

Kristina Fernandes ona qarşı olan təzyiqlərdən geri çəkilməyib. İddialı, güclü, dözümlü xanım siyasətçi mübarizəsini davam etdirərək bütün ittihamları rədd edib.


2019-cu ildə Kristina Fernandes yenidən siyasi səhnəyə qayıdıb. Prezident seçkilərində qalib gələn Alberto Fernandes onu vitse-prezident postuna dəvət edib. Qeyd edək ki, Alberto Fernandes Kristina Fernandesin həyat yoldaşı Nestor Krişnerin prezidentliyi dövründə hökumətə başçılıq edib. Nestor Krişner isə 2010-cu ildə, 60 yaşında qəfil ürəktutmadan vəfat edib.

Bu gün də Kristina Fernandes Argentinanın “dəmir ledi”si kimi dəbli və zövqlü geyimi, siyasi fəallığı ilə fəaliyyətini davam etdirir.

0
Musavat.com