Ekspert bağlanan banklardakı əmanətlərin taleyinə aydınlıq gətirdi

İQTİSADİYYAT
21:57 / 29.04.2020
1132

Xəbər verildiyi kimi aprelin 27-də Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bank – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”a müvəqqəti inzibatçılar təyin etdi. Bir gün sonra isə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edildi.

Sosial şəbəkələrdə bağlanan banklarda əmanətçilər, sahibkarlar və şirkətlərin pulları məsələsi müzakirə olunur. Müzakirələrdə əsas sual belədir: Ləğv olunan banklardakı əmanətlərin taleyi necə olacaq?

Hit.Az xəbər verir ki, bizimyol.info məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovdan açıqlama alıb.

“Milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edilib. Yəni, bu əmanətlər sığortalı əmanətlərdir-qorunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 3 ay ərzində qorunan əmanətləri kompensasiya prosesinə başlayacaq. Bundan sonra, ƏSF bankın ləğv olunması prosesinə başlayacaq, bankın daşınar və daşınmaz əmlakını satacaq, bankın verdiyi kreditləri qayataracaq. O puldan kompensasiya etdiyi əmanətlərə sərf etdiyi vəsaitləri fond götürəcək.

Ləğv olunan bankların satılan əmlakından ƏSF-nin götürəcəyi vəsaitdən əlavə gəlir qalarsa, həmin vəsait qorunmayan əmanətlərə, sahiblarların və şirkətlərin pullarının qaytarılmasına yönəldilməlidir. Amma böyük ehtimalla ƏSF bankların satılan əmlakından əldə edilən vəsaitlə öz xərclərini qarşıladığını və əlavə pulun qalamadığını bildirəcək”,-deyə bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib.

0