On ildən artıq davam edən danışıqlardan sonra Avropa İttifaqı Şurası və Avropa Parlamenti aviasərnişinlərin pulsuz əl yükü daşımaq və reys gecikmələrinə görə pul kompensasiyası almaq hüququnu qoruyub saxlamaq barədə razılığa gəlib.
HİT.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Aviaşirkətlər dəfələrlə xəbərdarlıq ediblər ki, kompensasiya və maliyyə öhdəlikləri ilə bağlı daha sərt qaydaların tətbiqi bilet qiymətlərinin artmasına səbəb olacaq. Buna baxmayaraq, Avropa qanunvericiləri sərnişin hüquqlarının mövcud müdafiə səviyyəsini qorumağa qərar veriblər.
Yeni qaydalara əsasən, reys ən azı üç saat gecikərsə, sərnişinlər maliyyə kompensasiyası almaq hüququnu saxlayacaqlar. Avropa Parlamenti məhz bu mövqedə israr edib və Aİ-yə üzv bəzi ölkələrin etirazına baxmayaraq öz istəyinə nail olub.
“Aviaşirkətlər üçün kompensasiyaların məbləği təxminən 20 ildir dəyişməyib. Bu, proqnozlaşdırıla bilənlik yaradır”, – deyə Aİ-nin yüksək vəzifəli diplomatlarından biri jurnalistlərə bildirib.
Hazırda Avropa İttifaqında sərnişinlər reysin ləğvi və ya üç saatdan artıq gecikməsi halında 250 avrodan 600 avroyadək kompensasiya ala bilirlər. Yeni sənəddə qeyd olunur ki, 3500 kilometrdən uzun reyslər üçün aviaşirkətlər 300 avro ödəyəcək, gecikmə dörd saatı keçərsə və ya reys ləğv edilərsə, kompensasiya 600 avro olacaq.
Bundan əlavə, yeni qaydalar faktiki olaraq əl yükünə görə əlavə ödəniş tətbiq edilməsinə son qoyacaq. Bu təcrübədən xüsusilə “Ryanair” və “EasyJet” kimi aşağıbüdcəli daşıyıcılar geniş istifadə edirdilər.
Yeni qaydalara görə, sərnişinlər ölçüsü 40×30×15 santimetrədək olan şəxsi əşyanı, həmçinin ümumi ölçüləri 100 santimetrdən və çəkisi 7 kiloqramdan çox olmayan kiçik təkərli çamadanı təyyarəyə pulsuz götürə biləcəklər.
Qaydalar 2027-ci ildə qüvvəyə mindikdən sonra aviaşirkətlər həm şəxsi əşyanın, həm də əlavə əl yükünün daşınmasını standart bilet qiymətinə daxil etməyə məcbur olacaqlar.
Gözlənilir ki, bu dəyişiklik xüsusilə aşağıbüdcəli aviaşirkətlərdə baza bilet qiymətlərinin müəyyən qədər artmasına səbəb ola bilər. Hazırda həmin şirkətlər salonun yük rəflərində çamadan yerləşdirilməsi üçün əlavə ödənişlər hesabına gəlir əldə edirlər. Bununla belə, əlavə əl yükü olmadan səyahət edən sərnişinlər bu xidmətdən imtina edərək bileti daha ucuz qiymətə ala biləcəklər.
İstehlakçı hüquqlarını müdafiə edən təşkilatlar uzun müddətdir bildirirdilər ki, əl yükünə görə ödəniş alınması, xüsusən də bəzi loukosterlərin tətbiq etdiyi praktika qanunsuzdur və sərnişinlər reys gecikmələrinə görə zəmanətli kompensasiya hüququna malik olmalıdırlar.
Buna baxmayaraq, son aylarda bəzi aviaşirkətlər əl yükü üçün ödənişləri tətbiq etməyə və ya genişləndirməyə tələsiblər. Onlar bunu Yaxın Şərqdəki qeyri-sabitlik səbəbindən aviasiya yanacağının qiymətinin kəskin artması nəticəsində yaranan maliyyə itkiləri ilə izah ediblər.
Razılaşma cümə günü Aİ ölkələrinin səfirləri və iyunun sonuna qədər Aİ Şurasına sədrlik edən Kipr arasında əldə olunub. Bazar ertəsi Avropa Parlamentinin qanunvericilik prosesini başa çatdırmaq üçün yekun təsdiqi və birgə dəstək məktubunu sədrlik edən tərəfə təqdim edəcəyi gözlənilir.
On ildən çox davam edən danışıqlar
“Euronews”un xatırlatdığına görə, aviasərnişin hüquqlarının müdafiəsinə dair Avropa qanunvericiliyinin yenilənməsi prosesi hələ 2013-cü ildə başlayıb.
Sonrakı illərdə Avropa qanunvericiləri baqaj daşınması ilə bağlı sərnişin hüquqlarının genişləndirilməsini, həmçinin aviaşirkətlərin müflis olması hallarında müdafiə mexanizmlərinin gücləndirilməsini tələb ediblər. Bununla yanaşı, bəzi Aİ ölkələri və aviasiya sektoru nümayəndələri bu dəyişikliklərə qarşı çıxıblar.
Avropa Parlamentinin Yaşıllar Partiyasından olan litvalı deputatı Virginius Sinkyaviçyus bildirib ki, 2004-cü ildə qəbul edilən sərnişin hüquqları qanunu müasir hava nəqliyyatı bazarının reallıqlarına uyğun deyildi.
“‘Ryanair’ həmin dövrdə ildə təxminən 23 milyon sərnişin daşıyırdı. 2024-cü ildə bu rəqəm 183 milyonu keçib. ‘Wizz Air’ o vaxt ümumiyyətlə mövcud deyildi, ‘EasyJet’ isə məhdud fəaliyyət göstərən daşıyıcı idi. Bu gün loukosterlər Avropa daxilində hava daşımalarının əsas hissəsinə nəzarət edir və biznes modellərini əvvəllər standart xidmət hesab olunan imkanların ayrıca ödənişli xidmətə çevrilməsi üzərində qurublar”, – deyə o qeyd edib.
Aİ diplomatlarından biri də bu fikirlə razılaşaraq bildirib ki, “köhnə qaydalar artıq gözləntilərə cavab vermirdi” və qanunvericiliyin yenilənməsi seçim deyil, zərurətə çevrilmişdi.
Danışıqların əvvəlki mərhələlərində bəzi Aİ ölkələri kompensasiya hüququnun yaranması üçün minimum gecikmə müddətinin üç saatdan dörd saata qaldırılmasını təklif etmişdilər. Almaniya, Portuqaliya, Sloveniya və İspaniya bu təşəbbüsə qarşı çıxmışdı.
Aviaşirkətlər isə son on il ərzində daha ciddi dəyişikliklərə lobbiçilik edirdilər. Onlar kompensasiya hüququnun yalnız beş saat və ya daha çox gecikmə hallarında tətbiq edilməsini istəyirdilər. Daşıyıcılar bunu əməliyyat çətinlikləri ilə əsaslandırır və bəzi hallarda cərimə ödəməkdənsə reysi ləğv etməyin daha sərfəli ola biləcəyini bildirirdilər.
Sektor nümayəndələri həmçinin qeyd edirdilər ki, qanun layihəsində nəzərdə tutulan əlavə öhdəliklər aviaşirkətlərin rəqabət qabiliyyətini zəiflədə bilər. Onların fikrincə, bir çox gecikmələr daşıyıcılardan asılı olmayan səbəblərdən, o cümlədən hava limanlarındakı texniki problemlərdən qaynaqlanır.
Nəticədə Avropa Parlamenti öz mövqeyini qoruyub saxladı və sərnişinlərin kompensasiya almaq hüququ qazandığı üç saatlıq gecikmə həddi dəyişdirilmədən qaldı.
Samir


