Heç düşünmüsünüzmü ki, dəniz suyu niyə duzludur? Bu fakt uşaqlıqdan hamıya məlum olsa da, çox az insan bunun səbəbini dəqiq izah edə bilir. Əslində isə okean və dənizlərin duzluluğu mürəkkəb təbii proseslərin nəticəsidir, lakin bunu sadə şəkildə izah etmək mümkündür.
HİT.az xəbər verir ki, hər şey yağışdan başlayır: atmosferdən keçərkən yağış damcıları karbon qazı ilə zənginləşir və zəif turşulu suya çevrilir. Bu səbəbdən yer səthinə düşən su tədricən süxurları həll edir və onlardan natrium və xlor ionları da daxil olmaqla mineralları yuyub aparır.
Daha sonra bu maddələr su axınları ilə çaylara, ordan isə tədricən dəniz və okeanlara daşınır. Beləliklə, çaylar fasiləsiz şəkildə dəniz suyunu minerallarla “qidalandırır” və bu proses milyon illərdir davam edir. Eyni zamanda su Günəşin təsiri ilə buxarlanır, lakin duz buxarlanmır və suda qalaraq zamanla toplanır.
Bundan əlavə, dəniz suyunun duzlu olmasına sualtı vulkanlar da təsir edir. Onlar daim böyük miqdarda mineral maddələr, natrium və xlor birləşmələrini okeana buraxır və bu maddələr sonradan natrium xloridə (yemək duzuna) çevrilir.
Hazırda dəniz suyunda orta hesabla hər litr üçün 35 qram duz var. Geoloqların fikrincə, keçmişdə okeanlar daha az duzlu olub, lakin gələcəkdə duzluluğun artması gözlənilmir. Bu, okeanın artıq tarazlıq nöqtəsinə çatması ilə izah olunur: daxil olan duz miqdarı dəniz dibində çökən mineralların miqdarına təxminən bərabərdir.
Bəzi dənizlər isə çaylardan gələn şirin su axını səbəbindən daha az duzludur. Məsələn, Qara dənizdə hər litr suda təxminən 17 qram duz var (buraya Dunay və Dnepr kimi böyük çaylar tökülür), Xəzər dənizində 12 qram, Baltik dənizində isə 7 qramdır.
Beləliklə, dəniz suyunun niyə duzlu olması sualının cavabı ondan ibarətdir ki, su dağ süxurlarından və yer qabığından mineralları yuyub dənizlərə daşıyır və bu maddələr uzun müddət çökmədən suda toplanır.
Samir


