EKONOMİKS
13:33 / 19.09.2022
254

Bərdədə yekun regional müşavirə keçirildi - FOTOLAR

Bölgələrdə kütləvi pambıq yığımına hazırlıq gedir. Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımına son hazırlıq işlərini dəyərləndirmək məqsədilə bölgələrdə regional müşavirələr keçirir.

Sabirabad, İmişli və Salyan rayonlarından sonra Bərdədə yekun regional müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, Bərdə rayon icra hakimiyyətinin rəhbər şəxsləri, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Yevlax və Goranboy rayonlarından olan 200-dən artıq pambıqçı fermer iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev bildirib ki, 2022-ci il üzrə pambıqçılıqla bağlı işlərin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan və bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planı realizə olunub. Plana əsasən, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icra prosesinin monitorinqi həyata keçirilib. Bu il pambıqçılıqda keyfiyyətli toxumdan istifadə məsələsi xüsusi diqqətdə saxlanıb. Təkrar səpin də daxil olmaqla, sahələrə 31874 ton toxum səpilib, bunun 2829 tonu lifsiz, 355 tonu lifli toxumlardır. Ümumilikdə bu il sahələrdə 7 pambıq sortunun əkini həyata keçirilib. 

Qeyd olunub ki, bu il Türkiyənin “ProGen Tohum A.S” şirkətinin mütəxəssisləri ilə birlikdə Bərdə, Tərtər, Goranboy, Yevlax, Ağcabədi, Saatlı və İmişli rayonlarında yerli fermerlərin pambığın becərilməsində üstünlük verdikləri aqrotexniki tədbirlərin səmərəliliyinin monitorinqləri keçirilib, zərərli orqanizmlərlə mübarizədə tirəli əkinlərin daha səmərəli olduğu, alaq otlarına qarşı herbisidlərdən istifadə ilə paralel kultivasiya və ketmənləmə işlərinin sürətləndirilməsi, stress amillərinin aradan qaldırılması üçün yarpaq gübrələrinin və digər düzənləyici qidaların verilməsinin vacibliyi barədə fermerlərə ətraflı məlumatlar verilib.

Rəfail Quliyev pambıqçılıq sahəsində innovativ becərmə və müasir suvarma texnologiyalarının və qabaqcıl təcrübələrin tətbiqinin genişləndirilməsinin, elmi-tədqiqat müəssisələri tərəfindən  yüksək keyfiyyət göstəricilərinə malik tez yetişən pambıq sortlarının yaradılması ilə bağlı təsirli tədbirlərin həyata keçirilməsi, pambıqçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə qısa müddətli təlim kurslarına cəlb edilməsi, eyni zamanda pambıq sahələrində pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması üçün ciddi tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov, “MKT-İK” MMC-nin direktoru Rövşən Həsənov, “Azərpambıq ASK” MMC-nin direktoru Fəxri Mehdiyev, ““ProGen Tohum A.S” şirkətinin nümayəndəsi İsmayıl Abay, fermerlər Cavad Cavadlı, Etibar Şirinov və digərləri çıxış edərək məhsul yığımı prosesinə hazırlıq barədə iştirakçılara məlumat veriblər.

Qeyd olunub ki, bu il pambıq əkinləri üçün sahələrin şumlanması, səpin, becərmə, aqrotexniki qulluq işlərinin aparılmasında texnika ilə təminatda heç bir çətinlik yaşanmayıb, bu işlərin həyata keçirilməsində pambıqçılıq şirkətlərində və “Aqroservis” ASC-də işlək vəziyyətdə olan 9.5 min ədədə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarından, o cümlədən 1878 ədəd traktor, 1320 ədəd çiyidsəpən, 1140 ədəd kultivator, 650 ədəd çiləyici, 255 ədəd gübrəsəpən və digər texnikalardan istifadə edilib. Normativə əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması, məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1050 ədəd traktor yedəyi tələb olunur. Hazırda respublikada 447 pambıqyığan kombayn və 3085 traktor yedəyi mövcuddur. Bu isə pambığın kombaynlar vasitəsilə vaxtın və itkisiz yığımını təşkil etməyə tam imkan verir.

Müşavirədə pambıqçı fermerlərin texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər barədə fikirləri dinlənilib, təkliflər qeydə alınıb.

Qeyd edək ki, Sabirabad, İmişli, Salyan və Bərdə rayonlarında keçirilən regional müşavirələrdə ümumilikdə 1000-dən artıq fermeriştirak edib.

Azərbaycanda pambığın mexaniki üsulla kütləvi yğımına yaxın günlərdə start veriləcək.

0