EKONOMİKS
16:47 / 26.09.2022
446

Bölgələrdə elit toxumların səyyar satışı aparılır - FOTOLAR

Payız əkini mövsümü ilə əlaqədar olaraq Dövlət Toxum Fondu tərəfindən fermerlərin və təsərrüfat sahiblərinin toxuma olan tələbatını sərfəli qiymətlərlə təmin etmək məqsədilə bölgələrdə səyyar xidmətlər aparılır.

Daxil olan müraciətlərə əsasən hər gün müxtəlif qruplar olmaqla respublikanın müxtəlif kənd və qəsəbələrində paralel olaraq səyyar xidmətlər göstərilir. Bu mövsümdə regionlar üzrə keçirilən səyyar satışa ilk olaraq Qobustan, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Tovuz, Quba, Qusar, Xaçmaz, Şabran rayonlarındakı ucqar kəndlərdən start verilib. 

Səyyar satış zamanı fermerlər həm nağd həm də “Fermer kartı”nı təqdim etməklə elit toxumlar əldə edirlər. Fermerlərə Fond tərəfindən maarifləndirici məlumatlar paylanılır, aqronom məsləhətləri verilir.

Bildirək ki, fermerlər səyyar satışla yanaşı Dövlət Toxum Fondunun Ağcabədi, Tovuz, Xaçmaz, Şəki və Qobustan rayonlarında fəaliyyət göstərən toxum emalı zavodlarında da elit toxumlar əldə edə bilərlər.

Qeyd edək ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd, keyfiyyətli toxumun alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara Fondun əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Vətəndaşlar elit toxumların səyyar satış xidmətinin yaşadıqları kənd və qəsəbələrdə təşkil edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyin 1652 “Çağrı Mərkəzi”nə və +994772994040 nömrəsinə müraciət edə bilər.

0