Qobustanda “Aberdin-Anqus” cinsli inəklərin satışına başlanıldı - FOTOLAR

10:16 / 24.01.2023
1101

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə bu günlərdə yeni avropa mənşəli cins damazlıq heyvanlar gətirilib. “Aberdin Anqus” cinsli inəklər kompleksin iribuynuzlu heyvanlarının saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq inəklərin satışına başlanılıb.

Bu heyvanların kompleksə gətirilib satılmasında əsas məqsəd xarici cins damazlıq heyvanların satışının təşkil edilməsi ilə bərabər fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır.

Qeyd edək ki, Avropada geniş yayılmış və vətəni Şotlandiya olan cinslərdən biri də ətlik  istiqamətli Aberdin anqus cinsidir. Aberdin anqus adaptasiya baxımından ekoloji şəraitə tez uyğunlaşan cins damazlıq heyvandır. Bu malın məhsuldarlıq və damazlıq keyfiyyəti olduqca yüksəkdir, yerli cinslərin təkmilləşdirilməsində istifadə edilmişdir. Rəngləri qara və qırmızıdır, boyları balaca və ayaqları gödəkdir, anadangəlmə erkək və dişilər buynuzsuszdur, uzun ömürlüdür, bala vermə məhsuldarlığı yüksəkdir. Anqus əti rənginə, iyinə, dadına və mərmərliyinə görə bütün dünyada istehlakçıların üstünlük verdikləri ən keyfiyyətli ət məhsuludur. Anqus ətinin seçimində ən mühüm xüsusiyyət ətdə yağ faizinin aşağı olmasıdır. Digər cinslərnən müqaisə etdikdə onlarda 35-36%-sə, anqus ətində isə yağlılıq 6-7% təşkil edir. 
Yediyi yemi qənaətli və keyfiyyətli şəkildə ətə çevirərək gündəlik 2 kq çəki artımı verir. Törədicilərin canlı kütləsi 900-1100 kq, dişilərin canlı kütləsi isə 550-600 kq-a qədər olur. Ət çıxarı 60-65% təşkil edir. Satışa çıxarılan inəklərin yaşı 18-26 ay aralığında, 3-8 aylıq boğaz heyvanlardır.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində heyvanların 60% dövlət güzəşti ilə satışı təşkil edilir. Burada fermerlər heyvanlara baxış keçirərək, sərgi satış mərkəzində və auksionda hərraca qoşularaq da istədikləri heyvanları əldə edə bilərlər. Sərgi salonuna gələn ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında videoçarx və satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat əldə edə bilərlər. 

Həmçinin kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir ki, bu da bu müasir kompleksdə heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha asan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərdə operativlik və şəffaflıq təmin edilir. Başqa sözlə, fermerlər bu qurumlara ayrı-ayrılıqda müraciət etmədən seçdikləri heyvana görə sənədləşdirmə işlərini bir gün müddətində həyata keçirərək ala bilir. Kompleks həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1659 satış mərkəzi də fəaliyyət göstərir.

0