Təbii fəlakət, yoxsa... - Çaylar niyə quruyur, çıxış yolu nədir?

İQTİSADİYYAT
13:26 / 07.03.2023
1473
"Bu gün Azərbaycanda, Gürcüstanda, Türkiyədə suya olan tələbat artıb”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycanda su qıtlığının səbəblərindən danışarkən deyib. Ekspert suya olan tələbatın artımını qlobal istiləşmə ilə əlaqələndirib:
 
"Azərbaycanda məmurların əkin sahələrini suvarması üçün mövcud olan suyu ələ keçirib, ondan istifadə etməsi halları çoxdur. Digər tərəfdən, əkin sahələri də çoxalıb. Bu sahələr daha çox Gürcüstanda artıb. Kürün onsuz da azalmış suyundan Gürcüstan daha çox istifadə edir. Eləcə də suvarılan əkin sahələri Ermənistanda da artıb. Onlar da Arazdan gələn sudan istifadə edirlər. Bizdə də əkin üçün istifadə olunan torpaq sahələri genişlənib, təbii ki suya ehtiyac da artıb”.
 
Vahid Məhərrəmov problemin həlli yollarını da açıqlayıb:
 
 
"Su azalmayıb, eyni həcmdə yağıntılar var, sadəcə suyu yığıb ondan istifadə etmək lazımdır. İlboyu içməli su kimi ondan istifadə etmək olar. Azərbaycanın relyefi elədir ki, yağış suyunun yığılması üçün heç bir problem yoxdur”. 
 
Vahid Məhərrəmovun fikirincə, çayların su mənbəyi dağlara yağan qarın hesabına formalaşırdı:
 
"Uzun illər idi ki, dağlara qar yağırdı, get-gedə ehtiyatlar artırdı. Yaz aylarında qar əriyir və Kür çayında, Arazda su bolluğu yaranırdı. Qlobal iqlim dəyişikliyi baş verəndən sonra qar yağıntısı xeyli azalıb. Yəni, əvvəlki illərdən fərqli olaraq, indi çox az həcmdə qar yağır. Həm Türkiyə, həm Gürcüstan, həm də Ermənistan və Azərbaycanda bu səbəbdən əvvəlki kimi çaylarda su bolluğunun yarandığını görmürük. Nə baş verir? 10-12 il bundan əvvəl xəbərdarlıq etmişdik ki, yaxın illərdə su qıtlığı yaranacaq. Qlobal istiləşmə nəticəsində dağlarda mövcud olan qar ehtiyatı əriyib tükənir və ondan sonra yağışlar yağanda çaylarda su əmələ gələcək ki, bu da əkin sahələrini suvarmaq, içməli suya olan tələbatı ödəmək üçün kifayət etməyəcək. Təklif edirdik ki, intensiv yağışlar yağanda onun suyu anbarlara toplansın, ondan istifadə olunsun. Sovet dövründə təsərrüfatlarda su anbarı var idi. Yaz və payız mövsümündə həmin anbarları su ilə doldurub, lazım olanda istifadə edilirdi".
 
Ekspert bizdən fərqli olaraq Türkiyə və Gürcüstanda su anbarlarının yaradıldığını vurğulayıb: 
 
"Kürə gələn su həmin anbarlarda yığılır. Ondan həm Türkiyə, həm də Gürcüstan istifadə edir. Bu səbəbdən də Azərbaycana çox az su gəlir. Bu tendensiya qlobal istiləşmə bitənə qədər davam edəcək və su qıtlığı daha böyük problemlər yaradacaq. Amma bu o demək deyil ki, su tamam yoxa çıxır. Təbiətdə bir damla da olsa su yoxa çıxmır. İndi qar yağmır. Əvəzində intensiv yağışlar yağır. Həmin suların yığılmasına imkan var. 10 ildən yuxarıdır ki, biz bunu deyirik. Su anbarları yaradıb, sudan səmərəli istifadə etmək lazımdır”.
0