OPEC+ hasilatı azaldır: Neft qiymətləri necə dəyişəcək? - ŞƏRH

İQTİSADİYYAT
13:05 / 01.05.2023
761

Dünyanın əsas neft ölkələri hasilatı könüllü şəkildə azalmağa qərar verib.

Belə ki, Rusiyanın daxil olduğu 9 OPEC+ ölkəsi gələn ilin sonuna qədər neft hasilatını könüllü olaraq azaltmağa başlayıb. Konkret olaraq, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair, Oman və Qabon bu addımı atıb. Bildirilib ki, hasilatın ümumi azalması gündəlik 1,66 milyon barel təşkil edəcək.

Maraqlıdır, hasilatın azaldılması neft qiymətlərinə necə təsir göstərəcək?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban HİT.az-a açıqlamasında bildirib ki, hazırda "Brent" markalı neft 80 dollardan ucuz qiymətə ticarət edilir:

İlham Şaban: “Bu artım pandemiyaya qalib gəlməyə kömək edəcək”

"Ancaq ötən ayın 23 və 24-də bu qiymət 85 dollar civarında idi. Düzdür, son iki gündə qiymət artımını müşahidə etmişik. 77 dollara qədər ucuzlaşma var idi, indi isə 79,5 həddinə çatıb. Görünən odur ki, bəzilərinin "OPEC+" çərçivəsində neftin qiymətinin mayın 1-də 90 və hətta 100 dolları keçəcəyi proqnozu özünü doğrultmadı. Nəyə görə doğrultmadığı ilə bağlı təkcə iki faktoru qeyd etmək olar. Yəni qiymətlərin qalxmaması Rusiya və Çinin bazara öz töhfəsidir. Çində post-karantin dövründə hələ pandemiyaya qədərki iqtisadiyyatın artım tepmi və enerjidən istifadə ilə bağlı 2019-cu ildə göstərilən nəticələr əldə edilməyib. Bu da Çin iqtisadiyyatının daha aşağı templə inkişaf etməsini göstərir. Nəticə etibarilə, daha aşağı templi iqtisadi artım üçün enerji də daha az tələb olunur. Bu baxımdan, Çin iqtisadiyyatı ilə bağlı açıqlanan rəqəmlər proqnozlardan geri qalır və qiymətin artımını saxlayan makro göstəricilərdən biridir. İkinci isə, Rusiya mart ayından 500 min barrel hasilatı azaltdı. Digər kiçik ölkələr də hasilatı azaltdılar. Ancaq reallıqda baş verənlər odur ki, Rusiyadan neftin gizli satışı kifayət qədərdir. İstər xam neft şəklində, istərsə də neft məhsulları şəkildə bu baş verir".

Ekspert vurğulayıb ki, Qərbin Rusiya neftinə və neft məhsullarına qarşı tətbiq etdiyi sanksiya bazarda qiymət artımının qarşısını alan amil rolunu oynadı:

"Hansı ki, Rusiya və "OPEC+" ölkələri əksini deyirdi. Amma bazarda bolluqdur və buna görə də neftin qiymətləri indi 80 dolların altında ticarət edilir. Ancaq bir il bundan öncə neftin qiyməti 110 dollardan yuxarı idi. Əgər "Brent" markalı neftin ötən ilin birinci rübündə orta qiyməti 96 dollar idisə, cari ilin birinci rübündə bu rəqəm 79 dollar oldu. Bu baxımdan, qiymət bazarda istehsalçılar və istehlakçılar üçün kifayət qədər normaldır. Hesab edirəm ki, dünya Rusiya və Çin ətrafında olanlar və Kollektiv Qərb arasında iki qütbə bölünür. Bunlar bir-birinə qarşı böyük ideoloji, hərbi, siyasi və iqtisadi qarşıdurmadadırlar. Bunlar da ondan istifadə edirlər və neftin qiymətində ara-sıra dəyişikliklər olur. Lakin orta qiymət ümumən bazar üçün münasibdir".

Pərviz

0