Neft qiymətləri ucuzlaşır?

İQTİSADİYYAT
20:16 / 10.05.2023
742

ABŞ neft qiyməti proqnozlarını aşağı salıb.

Belə ki, ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin cari il üçün qiymət proqnozunu 8% azaldıb. Əvvəlki proqnozda 85,01 dollar/barelə qarşı qiymət, indi 78,65 dollar/barel səviyyəsində proqnozlaşdırılır.

Həmçinin, nazirlik tərəfindən 2024-cü ildə də neft qiymətlərinin orta hesabla bir barel üçün 74,47 dollara enəcəyinin proqnozlaşdırıldığı açıqlanıb.

Bəs buna səbəb nədir?

Neftin qiyməti aşağı düşəcək? Bununla bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, neftin qiymətinin yenidən ucuzlaşacağı gözlənilmir:

"Çünki neft bazarında "OPEC+" və Səudiyyə Ərəbistanı ABŞ-ın təzyiqləri altında neftin hasilatını artırmaq niyyətində olmadığını göstərir. Hətta 1,16 milyon barel neft hasilatını ilin axırına qədər azaltdılar. Buradakı digər məsələ isə Rusiyadır. Belə ki, Rusiya da neft hasilatınl fevral ayında könüllü şəkildə 500 min barel azaltdı və aprel ayında qeyd etdi ki, ona qarşı sanksiya tətbiq edən ölkələrə neft satmayacaq. Bu da yəqin ki, bazara çıxarılan neftin qiymətinə təsir göstərəcək.

Amma neftin qiymətini aşağı salan amillər də var. ABŞ bugünlərdə elan etdi ki, həm neft, həm də benzin ehtiyatları artıb. Hansı ki, azalma gözlənilirdi. Digər tərəfdən də inflyasiya yüksək olaraq qalır və ABŞ bahalı pul siyasətini davam etdirir. Nəzərə almaq lazımdır ki, bahalı pul ucuz əmtəə deməkdir. Pulun qiyməti bahalaşdıqca əmtəənin qiyməti aşağı gedir".

Ekspert qeyd edib ki, həm təlabatla bağlı narahatlıqlar, həm də pulun qiymətinin qaldırılması ilə bağlı məsələlər neftin qiymətini aşağı salır:

"Ancaq eyni zamanda da hasilatı azaltmaqla bağlı məsələlər neftin qiymətini yüksəldir. Hazırda nataraz mövqe yaranıb. Yəni hansı ehtimal artsa, qiymətlər də ona uyğun formalaşır.

Müxtəlif zamanlarda ABŞ neftin qiyməti ilə bağlı proqnozlar verir. Amma bu proqnozların bazara ciddi təsir imkanları olmur. Bəzən günlük və ya həftəlik qiymətlər oynayır, amma fundamental göstəriciləri dəyişə bilmirlər".

Pərviz

0