Taksi sürücüləri qəpiyi niyə rədd edir?

İQTİSADİYYAT
16:46 / 06.06.2023
786

Son günlərdə taksi şirkətlərindən olan narazılıqların artdığı müşahidə olunur.

Biz isə bununla bağlı fərqli bir problemi diqqətə çatdırmaq istəyirik. Tətbiq vasitəsilə taksi sifarişi verdiyimiz məlum şirkətlərlə bağlı narazılıqların biri də məhz ödənişlərlə bağlıdır. Belə ki, sürücülər çox vaxt sərnişinlərdən artıq ödəniş tələb edirlər. Məsələn, yolpulu 3 manat olanda sərnişin 5 manat verirsə, sürücülərin əksəriyyəti xırdasının olmadığını deyərək birdən-birə 2 manatı mənimsəyir. Sərnişin isə gecikməmək üçün məcbur qalıb sürücü ilə razılaşır. Əslində isə həmin sərnişin adi yol taksilərinə 5 manat verməmək üçün məhz tətbiqlə taksi sifariş vermişdi. Amma "çoxbilmiş" sürücülər də onu eyni qiymətə ünvan başına çatdırırlar. Nəticə etibarilə, heç bir fərq olmamış olur. Əlbəttə ki, bu da birbaşa sərnişinin cibinə mənfi təsir göstərir.

Bununla yanaşı, ən çox ödəniş problemi həm də qəpiklərlə bağlı olur. Belə ki, sürücülərin əksəriyyəti ödənişdə qəpik görəndə bir anda çılğına dönərək etiraz edirlər. Sərnişin isə haqlı olaraq, qiymət belə olduğu üçün sözügedən şirkətin xidmətindən istifadə etdiyini deyir və mübahisə yaranır. Təsəvvür edin, 2 manat 20 qəpik və ya 2 manat 40 qəpik göstərilən ödənişə sürücülər 3 manat tələb edirlər. Ən yaxşı halda isə "xırda yoxdur" bəhanəsini dilə gətirirlər. Bu isə ilk növbədə sərnişinlərin hüquqlarının çox kobud şəkildə pozulmasıdır. Çünki heç bir sürücünün ekranda göstərilən məbləğdən artıq pul tələb etmə haqqı yoxdur. Hələ buna görə sərnişinə sərt etiraz bildirməyə isə ona heç kim ixtiyar verməyib. 

Onlar unutmamalıdırlar ki, xırdanı istəməmək və ya artıq pul vermək sərnişinin özünün verəcəyi qərardan asılıdır. Yəni heç bir taksi sürücüsü onu bunu məcbur edə bilməz. Lakin hər kəs kreditə maşın götürərək, bir tətbiq yükləyərək taksi sürücüsü olduğu üçün belə qeyri-etik hallarla qarşılaşırıq. 

Bunun necə absurd bir şey olduğunu görmək üçün bir nümunə verim. Təsəvvür edin, marketdə üzərində 5,50 qəpik yazılan hər hansısa bir məhsul alırsınız, amma kassada sizə onu 6 manata satırlar. Onda necə reaksiya verərsiniz? Bəzi taksi sürücülərinin etdiyi də məhz budur. Təbii ki, bu, çox haqsız və pis bir haldır. 

Ümumiyyətlə, hər bir vətəndaş istifadə etdiyi xidmət və ya satın aldığı məhsul üçün qeyd olunan məbləği ödəməlidir. Çünki bu, həmin məhsulun və ya xidmətin müəyyən olunan qiymətidir. Vətəndaşın da sadəcə həmin məbləği ödəməyə haqqı var. Yaxşı olardı ki, məlum şirkətlərin taksilərində baş verən bu problem də tez bir zamanda aradan qalxar...

Pərviz

0