Azərbaycanda benzin və dizel bahalaşacaq? - Ekspert AÇIQLADI

İQTİSADİYYAT
12:50 / 26.07.2023
780

Taksilərdə gediş haqqının artmasından sonra sürpriz bir iddia gündəmə gəlib.

Belə ki, benzin və dizelin də bahalaşacağı önə sürülüb. Sözügedən iddialar sosial şəbəkələrdə yayılıb.

Bəs görəsən bu iddialar nə dərəcədə doğrudur?

Bununla bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, sözügedən iddialar həqiqəti əks etdirmir:

330645

"İqtisadiyyatda müəyyən proseslərin bir səbəbi və nəticəsi olur. Yəni hər hansısa sahədə qiymət artımı baş verdikdə, həmin qiymət artımını tətikləyən və buna səbəb olan amillər olur. Amma taksi xidmətlərinin artmasının benzinin və ya dizelin qiymətinin artması ilə hər hansısa bir əlaqəsi yoxdur. 

Əksinə, benzin və dizelin qiyməti qalxarsa, taksi qiymətlərində də müəyyən bahalaşma ola bilər. Lakin taksi xidmətlərinin qiymətinin artmasının nəticəsində benzin və dizelin qiymətinin bahalaşacağı ilə bağlı fikirlər əsassızdır. Həmçinin, taksidə gediş haqqının artmasının gələcəkdə benzin və dizelin qiymətində bahalaşma olacağı ilə əlaqəsinin olduğunu demək də doğru deyil. Yəni bu iddialar qətiyyən həqiqəti əks etdirmir".

Ekspert hesab edir ki, yaxın zamanda  benzin və dizel qiymətləri bahalaşmayacaq:

"Buna heç bir səbəb görmürəm. Çünki ölkədə antiinflyasiya tədbirləri həyata keçirilir. Hal-hazırda Prezident İlham Əliyevin də ortaya qoyduğu konkret tapşırıq var. Bu tapşırıq da ondan ibarətdir ki, inflyasiyanı birrəqəmli həddə düşürməliyik. İlin sonuna qədər də Mərkəzi Bank və digər aidiyyəti qurumlar bununla bağlı işlər görərək, konkret addımlar atmalıdırlar. Bu yaxınlarda da Nazirlər Kabinetinin tərkibində də işçi qrupu yarandı. 

Nəticə etibarilə, dövlətimizin bu sahədə atdığı addımlar, siyasi iradə, o cümlədən hədəf bəllidir. Belə bir məqamda benzin və dizelin qiymətinin artması inflyasiya üçün tətikləyici bir amil olar. Xüsusilə dizelin bahalaşması təkcə taksiyə təsir etməyəcək, həm də kənd təsərrüfatına zərbə olacaq. Yəni bu qədər riskli bir addımın atılacağını düşünmürəm. Ümumiyyətlə, qiymət artımı üçün heç bir lüzum da görmürəm. Çünki bunun iqtisadi nəticələri daha ağır olar".

Pərviz

0