Neft qiymətlərinin gözləniləndən yüksək olmasının müsbət tərəfləri nələrdir? - ŞƏRH

İQTİSADİYYAT
14:19 / 02.08.2023
790

Beynəlxalq maliyyə institutları və agentlikləri tərəfindən 2023-cü ildə "Brent" markalı xam neftin bir barrelinin orta illik satış qiymətinin 75-80 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır. 

Azərbaycanda xam neftin bir barrelinin orta illik ixrac qiymətinin 60 dollar səviyyəsində götürüldüyünü nəzərə alsaq, bunu kifayət qədər yaxşı proqnoz hesab etmək olarmı?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan büdcədə neftin qiymətini 60 dollar götürəndə də "Brent" markalı neftin 75-80 dollar olacağından məlumatlı idi:

331111

"Yəni 2022-ci ilin axırlarından bu il üçün neft qiymətləri təxminən belə proqnozlaşdırılırdı. Azərbaycan isə nisbətən konservativ ssenari üzərində - 60 dollardan büdcəni planlaşdırdı ki, problem olmasın. Artıq gəlirlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna yönləndirilir. Əksi olduqda isə nəzərdə tutulandan çox xərclənildiyi üçün bir az narahatlıq yaranır. Təkcə Dövlət Neft Fondunun rezervinin azalması deyil, həm də neft sektorundan gələn vergilər də burada önəmlidir. 60 dollardan konservativ proqnozlaşdırılmışdı ki, neft sektorundan bu qədər vergi gələcək, Dövlət Neft Fondundan da müəyyən məbləğdə vəsait cəlb olunacaq".

Ekspert vurğulayıb ki, "Brent" markalı neftin qiymətinin 75-80 dollar olması və Dövlət Neft Fonduna nəzərdə tutulandan daha artıq gəlir gəlməsi lap yaxşıdır:

"Çünki fondun rezervləri daha pozitiv istiqamətdə gedəcək. Həmçinin, büdcəyə neft sektorundan nəzərdə tutulandan daha artıq vergi toplanılması da yaxşıdır. Onsuz da Azərbaycan cari ilin ortalarında xərcləri 3 milyard manat daha artırdı. Bu da imkan verəcək ki, o 3 milyard manatın bir hissəsi həmin vəsait hesabına qarşılansın".

Pərviz

0