Tramvaylar Bakıya qayıdır? - AÇIQLAMA

İQTİSADİYYAT
15:00 / 31.08.2023
887

"Böyük meqapolislərin müxtəlif ictimai nəqliyyat növləri olmalıdır ki, sərnişin axını parçalansın və yük birinə düşməsin".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev HİT.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Bakıda ictimai nəqliyyatın bütün yükü avtobusların üzərindədir:

"Qismən metronun da üzərinə yük düşür. Amma metro da bütün şəhəri əhatə etmir. Ona görə də əsas yükü avtobus daşıyır. Buna baxmayaraq, avtobusların istehsal ili və daşıma potensialı relsli nəqliyyata nisbətən daha aşağıdır. Buna görə də yüngül relsli nəqliyyat vasitələrinin və travmaylara şəhərə qaytarılması mütləqdir".

Ekspert vurğulayıb ki, bunun üçün iradə olmalı və həmin istiqamətdə real işlər görülməlidir:

332909

"Əslində bu, Bakının baş planında da nəzərdə tutulub. Düşünürəm ki, tramvay digər nəqliyyat növləri ilə də əlaqələndirilməlidir. Hər bir nəqliyyat növünün də özünün yük götürmə potensialı var. Hərəsinin investisiya həcmi də fərqlidir. Mən relsli nəqliyyata üstünlük verilməsinin tərəfdarıyam. Yəni tramvayla yanaşı, şəhərətrafı elektrik qatarı və metronun özünə də üstünlük verilməlidir. Bu üç komponent həm şəhərətrafı, həm də şəhərdaxili mobilliyin əsas yükünü götürmək potensialına qadirdir. Ancaq bunlara investisiya yatırmaq və bu yöndə iş görmək lazımdır".

Müsahibimiz Polşadan da nümunə verib:

"Polşanın paytaxtı Varşavada işıqforlardakı "yaşıl dalğa" effektindən tramvaylar üçün istifadə olunur. Məqsəd ondan ibarətdir ki, tramvay daha az işıqforda dayansın və daha sürətli əlaqəni təmin etsin. Bu isə avtomatik olaraq insanların relsli nəqliyyata yönəlməyinə gətirib çıxarır. Çünki bu, daha komfortlu, sürətli və təhlükəsizdir".

Pərviz

0