Örüş yerləri niyə azalır?

İQTİSADİYYAT
19:57 / 06.12.2023
446

Ölkəmizdə kənd təsərrüfatı, o cümlədən, heyvandarlıq sahəsi sürətlə inkişaf edir, təsərrüfatlarda saxlanılan mal-qaranın sayı da durmadan artır. Lakin bunun fonunda respublikada otlaq ərazilərinin kəskin azalması problemi özünü göstərməkdədir.

Kənd yerlərimizdəki heyvan saxlanılan əksər təsərrüfatlarda, eləcə də həyətyanı sahələrdə kiçicik müşahidə aparmaq yetər ki, bu problem hiss olunsun. 

Mövzu ilə bağlı fikir bildirən aqrar sahə üzrə ekspert Akif Nəsirli Hit.az-a şərhində bildirib ki, bu olduqca ağrılı bir problemdir:

“Bu məsələnin birinci dalğası təxminən 2000-ci illərdə başladı. O illərdə bələdiyyə yaradıldı. Bələdiyyələr yarananda əhalinin örüş kimi istifadə etdiyi ərazilər onların balansına verildi. İlk olaraq örüş yerlərinin təyinatı olduğu kimi göstərildi ki, bu örüş əraziləridir. Ancaq sonradan bələdiyyələr həmin torpaqların üzərindən istifadə etməyə başladılar. Beləliklə, həmin torpaqlar biznes strukturlarına, sahibkarlara uzunmüddətli icarəyə verildi. Bununla da bölgələrdə olan örüş ərazilərinin bir hissəsi sıradan çıxdı. Ancaq dövlət fonduna aid olan torpaqlarda əhali heyvandarlıqla məşğul olurdu. Məlumdur ki, Laçın və Kəlbəcər əhalisi heyvandarlıqla məşğul olub. Torpaqlarımız işğal altında olarkən həmin bölgənin sakinləri də dövlət fondunun torpaqlarında heyvandarlıqla məşğul olurdu. Və bu məşğuliyyət ölkənin kənd təsərrüfatına yaxşı töhfə verirdi. O zamanlar ətin qiyməti ucuz idi, ət bol idi. Bunun da səbəbi örüş sahələrinin olması və heyvandarlığın inkişafı idi. Lakin 2015-ci ildən sonra Azərbaycan hökuməti pambığı strateji məhsul elan etdi və dövlət fondunun torpaqlarında olan örüş sahələri ləğv edilərək, həmin ərazilərdə pambıq əkilməyə başlanıldı. O dövrdən başlayaraq, ölkədə heyvandarlıq sektoru kiçilməyə başladı və  indi bunun acı fəsadını yaşayırıq. Belə ki, ətin qiyməti sürətlə artır, həmçinin ət qıtlığı yaşanır və yaşanacaq. Problemin həll olunması üçün kənd təsərrüfatında pambıqçılığın strateji sahə olmasına son verilməlidir. Hazırki şəraitdə pambıqçılıq sərfəli deyil. Pambıq sahələrinin yeri heyvandarlıq, üzümçülük və digər bostan-tərəvəz bitkilərinə verilsə biz ərzaq idxalını əhəmiyyətli dərəcədə azalda bilərik”.

A.Nəsirli hesab edir ki, bələdiyyələrin əlində olan örüş təyinatlı torpaqlar heyvandarlıqla məşğul olanlara verilsə, bu sahədə yaşanan problem həll olunar.

Sevinc

0