Baş nahiyəsinə zərbədən sonra təhlükəli əlamətlər: Vəziyyət saatlar sonra ağırlaşa bilər

SAĞLAMLIQ
16:36 / 25.11.2026
42

Baş nahiyəsindən zərbə alan şəxs ilk vaxtlarda özünü yaxşı hiss etsə də, bir neçə saat sonra vəziyyəti qəfil pisləşə bilər. Həkimlər xəbərdarlıq edirlər ki, belə hallarda ilkin əlamətlərin yüngül olması ciddi fəsadların olmadığı anlamına gəlmir.

HİT.az xəbər verir ki, bu barədə Rusiyanın “Meditsina” klinikasının nevroloqu Qalina Çudinskaya “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, baş travmasından sonra əsas təhlükələrdən biri kəllədaxili qanaxma və digər ciddi zədələnmələrdir. Xüsusilə zərərçəkəndə huşun itməsi, qeyri-adi yuxululuq, şüurun qarışması, getdikcə güclənən baş ağrısı, təkrarlanan qusma və qıcolmalar müşahidə olunarsa, dərhal təcili tibbi yardım çağırılmalıdır.

Nitq, görmə və koordinasiya pozğunluğu, həmçinin qol və ayaqlarda zəiflik və ya keyimə də təhlükəli əlamətlər sırasındadır.

Çudinskaya qeyd edib ki, bəzi hallarda simptomlar əvvəlcə azalır, daha sonra yenidən güclənir. Məsələn, zərbə alan şəxs ilkin mərhələdə baş ağrısından şikayət edə, bir müddət sonra özünü yaxşı hiss edə bilər. Lakin saatlar keçdikdən sonra güclü yuxululuq, təkrar qusma və davranış dəyişiklikləri yarana bilər. Belə vəziyyətlərdə tibbi yardımı gecikdirmək olmaz.

Nevroloq baş travmasından sonra yatmağın qadağan olması ilə bağlı geniş yayılmış fikrin də universal qayda olmadığını vurğulayıb. Həkim müayinəsindən keçmiş, vəziyyəti stabil olan və başqa tibbi göstəriş almayan şəxsin yatmasına, adətən, icazə verilir. Bununla belə, yanında onun vəziyyətindəki dəyişiklikləri müşahidə edə biləcək bir yetkin şəxsin olması vacibdir. Zərərçəkəni oyatmaq çətinləşərsə, reaksiyaları dəyişərsə və ya nəfəs almasında problem yaranarsa, təcili tibbi yardım çağırılmalıdır.

Uşaqlarda isə beyin silkələnməsini müəyyənləşdirmək daha çətin ola bilər. Çünki onlar hiss etdiklərini hər zaman düzgün ifadə edə bilmirlər. Həddindən artıq yuxululuq və ya qeyri-adi həyəcan, səbəbsiz ağlama, davranış dəyişikliyi, tarazlığın pozulması, təkrarlanan qusma, baş ağrısı və görmə problemləri valideynlərin diqqət yetirməli olduğu əlamətlərdir.

Həkim baş travmasından sonrakı ilk 24 saat ərzində zərərçəkənin vəziyyətinin diqqətlə izlənilməsini tövsiyə edir. Əsas məqsəd ev şəraitində diaqnoz qoymağa çalışmaq deyil, mümkün ağırlaşmaları vaxtında aşkar etmək və təhlükəli simptomlar yarandıqda dərhal tibbi yardım almaqdır.

Samir
 

0