Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Avropa ölkələrini Rusiya ilə sülh sazişinin imzalanmasını gözləmədən hərbi qüvvələrini Ukraynaya göndərməyə çağırıb. Onun təklifinə görə, Avropa hərbçiləri cəbhə xəttindən uzaqda yerləşən təhlükəsiz ərazilərdə fəaliyyət göstərə bilər.
HİT.az xəbər verir ki, Conson bu fikirləri Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunda (RUSI) çıxışından sonra “Sky News” telekanalına müsahibəsində səsləndirib.
Sabiq baş nazir belə bir missiyanın NATO-nu müharibəyə cəlb edə biləcəyi ilə bağlı suala cavabında Alyansın Rusiyadan qat-qat güclü olduğunu bildirib. Onun fikrincə, Ukraynaya hərbi kontingent göndərilməsi üçün “Könüllülər koalisiyası”na daxil olan ölkələr birgə təşəbbüs göstərə bilər.
Consonun təklif etdiyi plana əsasən, Avropa hərbçiləri əsasən arxa cəbhədə, o cümlədən təhlükəsiz bölgələrdə logistika və digər yardımçı işləri həyata keçirə bilərlər. O, bu addımın ilk növbədə Qərbin Ukraynaya dəstəyinin və həmrəyliyinin nümayişi olacağını vurğulayıb.
“Bu qərarı Kreml deyil, Ukrayna verməlidir”
Britaniyalı siyasətçi bildirib ki, Ukrayna öz ərazisində hansı ölkələrin hərbi qüvvələrinin yerləşdirilməsinə qərar vermək hüququna malikdir.
“Bu, Kremlin qərarından asılı deyil və bu məqam həlledici əhəmiyyət daşıyır”, – deyə Conson qeyd edib.
O hesab edir ki, Qərbin Kremlə qarşı qətiyyətli mövqeyi müsbət nəticə verə bilər. Sabiq baş nazirin fikrincə, Vladimir Putin Ukraynanın Qərb dövlətləri birliyinə qoşulmasının strateji məqsəd olduğunu anlamalıdır.
Xatırladaq ki, Boris Conson daha əvvəl də Ukraynada müharibənin dayandırılması üçün ölkənin NATO-ya üzvlüyünün vacibliyini bildirmişdi. O, Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın Alyansın bir hissəsi olması ilə bağlı açıqlamasını da dəstəkləmişdi.
Samir


