Fermerin birbaşa bazara çıxışına kimlər mane olur?

İQTİSADİYYAT
22:40 / 15.01.2024
242

Kənd təsərrüfatı məhsulları istehsal edənlərin üzləşdikləri problemlərdən biri də yığdıqları məhsulun bazara çıxarılması ilə bağlıdır. Məhsulun satışını qurmaqda çətinlik çəkənlər isə bu sahədə fəaliyyət göstərməyə o qədər də meylli olmurlar. 

Aqrar sahə üzrə ekspert Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, bu, kənd təsərrüfatının ən ağrılı problemlərindən biridir:

“Bu məsələnin həll olunması üçün paytaxt ərazisində “Kənddən şəhərə” yarmarkaları keçirilir.  Fermerlərin  bazara çıxışı təmin olunmalıdır. Danılmaz faktdır ki, bu gün rayonlardan hər hansı fermer bazarda öz məhsulunu satmaq istəsə ona maneələr yaradılır və yaradılacaq. Bu vəziyyət də digər fermerlərə dərs olur. Təəssüf ki, bu gün Azərbaycan fermeri taleyi ilə barışaraq, öz istehsal etdiyi məhsulu Bakıya gətirmir. Məlumat üçün deyim ki, bu il nar ucuz və bol oldu. Elə rayon oldu ki, orada narın bir kilosu 10 qəpikdən aşağı satıldı. Adam tanıyıram ki,  5-6 hektar nar bağını alverçilərə 500 manata satdı. Əgər fermerin Bakı bazarlarına girişi asan olsaydı, narını gətirib burada satardı və 10 min manat xeyir qazanardı. Bu gün fermer malını özü Bakıya gətirə bilsə, bazarlarda məhsul çox ucuz olar. Hər bazarın bir neçə tədarükçüsü var. Onlar rayonlardan məhsulu su qiymətinə alıb, Bakıda piştaxta arxasında duranlara 5 qat bahasına satır. Həmin adamlar da onlardan aldığı qiyməti iki dəfə   artırıb satır. Fermerin özünün Bakıya məhsul gətirmək imkanı yoxdur. Ona görə də bu gün Bakıda qiymətlər od tutub yanır”.

Sevinc

0