Çində paleontoloqlar təxminən 419 milyon il əvvəl yaşamış zirehli, çənəsiz balığın yeni növünü müəyyən ediblər. Asioaspis brachyotus adlandırılan bu qədim canlı həm ibtidai, həm də daha inkişaf etmiş növlərin xüsusiyyətlərini daşıyıb. Araşdırma onun dəniz dibində quma yarıbasdırılmış vəziyyətdə deyil, səthin üzərində yaşadığını göstərir.
HİT.az xəbər verir ki, bu barədə “The Daily Galaxy” nəşri məlumat yayıb.
Tədqiqatın nəticələri Vertebrata PalAsiatica elmi jurnalında dərc olunub. Qalıqlar Çinin cənub-qərbində, Yunnan əyalətindəki Sişançun geoloji formasiyasından toplanıb. Bu ərazi erkən Devon dövrünə, təxminən 419 milyon il əvvələ aid çöküntüləri ilə tanınır.
Yeni növ baş hissəsini örtən sümük zirehinə malik olan qaleaspidlər qrupuna daxildir. Bu, qədim çənəsiz balıqlar qrupu olub, onların qalıqlarına əsasən Çin və Vyetnamın şimalında rast gəlinir.
Qalıqlar hansı xüsusiyyətləri üzə çıxarıb?
Tədqiqatçılar üçü demək olar ki, tam qorunmuş baş zirehi olmaqla, ümumilikdə altı nümunəni araşdırıblar. Oval formalı zirehin uzunluğu təxminən 4,7–6 santimetr olub. Onun kənarları dişcikli, səthi isə iri dənəvər çıxıntılarla örtülü olub. Alimlər nümunələrdə ən azı 12 cüt qəlsəmə kisəsi də müəyyən ediblər.
Anatomik xüsusiyyətlər bu növün qaleaspidlər arasında aralıq mövqedə dayandığını göstərir. Baş zirehində gözlərin və digər dəliklərin yerləşməsi onun həyat tərzini müəyyənləşdirmək üçün xüsusilə əhəmiyyətli olub.
Daha ibtidai qohumlarında gözlər və mərkəzi dəlik baş zirehinin yuxarı hissəsində bir-birinə yaxın yerləşirdi. Bu quruluş quma qismən basdırılmış vəziyyətdə yaşayan canlılar üçün səciyyəvi hesab olunur. Yeni növdə isə həmin dəliklər bir-birindən xeyli aralı yerləşib.
Alimlərin fikrincə, belə quruluş balığın quma yarıbasdırılmış vəziyyətdə yaşaması ehtimalını azaldır. Əks halda, çöküntülərin ağız və qəlsəmə boşluqlarına dolması mümkün olardı. Tədqiqatçılar hesab edirlər ki, Asioaspis brachyotus dəniz dibinin səthində yaşayan canlı olub.
Onurğalıların təkamülünü anlamaq üçün əhəmiyyətli tapıntı
Qaleaspidlər alimlər üçün xüsusi maraq doğurur. Çünki təkamül baxımından onlar çənəli onurğalılara, o cümlədən insana, müasir çənəsiz balıqlardan — məsələn, minoqalardan və miksinlərdən — daha yaxın hesab olunurlar.
Bu qədim canlıların öyrənilməsi çənələrin, qəlsəmə aparatı ilə əlaqəli bəzi strukturların və cüt ətrafların necə formalaşdığını anlamağa kömək edə bilər.
Tədqiqat müəlliflərinin fikrincə, yeni növün quruluşu təkamül prosesində həyat tərzinin dəyişməsinə dair mühüm ipucları verir. Belə ki, Asioaspis brachyotus qumun altında qismən gizlənərək yaşamaqdan dəniz dibinin səthində hərəkət etməyə keçidin mümkün nümunəsi hesab olunur.
Samir


