Ölkəmizdə turizm sahəsini inkişaf etdirmək üçün nələr etməliyik?

İQTİSADİYYAT
21:39 / 12.02.2024
373

"Azərbaycana turist axınını davamlı və dayanıqlı etmək üçün gələn turistlərə fərdi qaydada yanaşmalıyıq".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan milləti mentalitet və milli dəyərlərinə görə qonaqpərvərdir:

"Ölkəmizə gələn turistlər rahatlıqla regionlarda yaşayan sakinlərin evlərini kirayə götürə eyni zamanda, paytaxtda və bölgələrdə fəaliyyət göstərən otellərdə qala bilirlər. Üstəlik, turistlərin xoş qarşılanması Azərbaycandan yaxşı təəssüratla ayrılmalarına səbəb olur. Biz Azərbaycana gələn turistlərə maksimum şəkildə qayğı göstərməliyik. 

Ölkə olaraq turizmdə yeni olduğumuzu da nəzərə almalıyıq. Yəni son onillərdə turizm sektorumuzda canlanma olduğunu müşahidə edirik. Statistikalara nəzər salsaq, Azərbaycana gələn turistlərin son 5-7 ildə artdığını görə bilərik. Ölkəmizdə sosial vəziyyətin yaxşı olması və ictimai asayişin yüksək səviyyədə qorunması turistlərin gəlməsinə əsas verir".

343631

Həmsöhbətimiz qeyd edib ki, regionlarda fəaliyyət göstərən otellər və turizm kompleksləri düzgün qiymət siyasəti aparmalıdırlar:

"Hazırda dünyanın müxtəlif ölkələrində baş verən müharibələr və iqtisadi sanksiyalar turizm sahəsinə təsir edib. Biz isə bundan yararlana bilərik. Turistləri Azərbaycana cəlb etməklə növbəti illərdə daha çox turist qazanmaq olar. Xidmət və qiymət baxımından ən böyük məsuliyyət otellərin üzərinə düşür. Belə etsək, ölkəmizə gələn turist axınını daha da gücləndirə bilərik".

Ekspertin sözlərinə görə, ölkəyə gələn hər turistə 37 nəfər xidmət göstərir:

"Bu da kifayət qədər böyük rəqəmdir. Yəni turizm işsizliyə qarşı da bizə böyük dəstək olur. Turistlərin Azərbaycana daha çox gəlməsi yeni iş yerlərinin açılması deməkdir".

Pərviz

0