Saleh Məmmədovun işçisi əmək qanunvericiliyini pozub? - Məhəmməd Musayevə cərimə yazılıb

İQTİSADİYYAT
21:30 / 20.06.2024
385

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən "7 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Məhəmməd Musayev cərimələnib.

Qaynarinfo-ya daxil olan məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti onu İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimələyib.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Məhəmməd Musayev dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Babək Pənahov iş üzrə hakim təyin edilib. 

Məhəmməd Musayev "7 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru vəzifəsinə ötən il təyin edilib. Buna qədər o, “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru vəzifəsində çalışıb.

O, avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqləndiyinə görə 2022-ci ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. 

Seyid
 

0