Vaxtında qaytarılmayan kreditlərin yaratdığı risklərin azaldılması məqsədilə yeni hüquqi və maliyyə mexanizmi üzərində iş aparılır.
Müzakirə edilən yanaşmaya əsasən, bəzi hallarda problemli kreditlərin ödənilməsi kredit risklərinin sığortalanması vasitəsilə üçüncü tərəfin maliyyə dəstəyi hesabına həyata keçirilə bilər.
Hazırda əsas diqqət bu sistemin hansı şərtlər daxilində işləyəcəyinə, kimlərin ondan yararlana biləcəyinə, eləcə də onun borcalanlar üçün yaradacağı üstünlüklər və mümkün öhdəliklərə yönəlib.
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, işsiz qalma riskini əhatə edən sığorta modeli qüvvəyə minsə belə, bu mexanizm iş yerini itirən hər bir şəxs üçün avtomatik təminat yaratmayacaq:

“Sığorta ödənişindən istifadə hüququnun yaranması üçün əmək münasibətlərinin işçinin öz davranışı ilə əlaqədar olmayan səbəblərdən başa çatması əsas meyarlardan biri ola bilər. Məsələn, müəssisənin bağlanması, ixtisarların aparılması və ya işəgötürənin qərarı ilə əmək müqaviləsinə xitam verilməsi bu çərçivədə qiymətləndirilə bilər”.
Ekspert bildirib ki, belə bir təminatın mövcudluğu ödənişsiz olmayacaq:
“Sığortadan yararlanmaq istəyən şəxslər bunun müqabilində mütəmadi olaraq sığorta haqqı ödəməlidirlər. Sığortanın mahiyyəti riski tam aradan qaldırmaq deyil, həmin riskin maliyyə nəticələrini müəyyən şərtlərlə sığortaçıya ötürməkdir.
Bu səbəbdən şirkətlər müqavilə bağlamazdan əvvəl vətəndaşın peşəsini, fəaliyyət göstərdiyi sahəni, gəlir sabitliyini və işsiz qalma ehtimalını təhlil edərək sığorta haqqını hesablayacaqlar. Aylıq ödəniş öhdəliyi bu mexanizmin ayrılmaz hissəsi olacaq. Bu baxımdan, sistem digər sığorta növlərində olduğu kimi, vətəndaş üçün əlavə maliyyə yükü formalaşdıracaq”.
Xalid Kərimli hesab edir ki, mexanizmin vətəndaş üçün əsas üstünlüyü gəlir mənbəyini öz təqsiri olmadan itirdiyi halda kredit öhdəliklərinin yerinə yetirilməsində maliyyə dəstəyi əldə etmək imkanıdır. Bununla yanaşı, bu təminatdan istifadə etmək üçün davamlı şəkildə sığorta haqqı ödəmək zərurəti də yaranacaq.
Günel Cəlilova


