Ev pişiklərinin daha uzun yaşaması üçün onları nəzarətsiz şəkildə küçəyə buraxmamaq tövsiyə olunur. Avstraliyanın Merdok Universitetinin alimləri bildirirlər ki, sərbəst şəkildə küçədə gəzən pişiklər ev şəraitində saxlanılanlarla müqayisədə azı 2-3 il daha az yaşayırlar.
HİT.az xəbər verir ki, bu nəticəyə bioloji elmlər üzrə dosent Mayk Kalver və kiçik elmi işçi Hizer M. Krouford gəliblər. Tədqiqatın nəticələri “Global Ecology and Conservation” jurnalında dərc olunub.
Alimlər pişiklərin küçədə qarşılaşdıqları təhlükələri təhlil edərək əsas risklər sırasında yol-nəqliyyat hadisələrini, digər heyvanlarla davaları, hündürlükdən yıxılmaları, zəhərlənmələri və yoluxucu xəstəlikləri qeyd ediblər. Bundan başqa, küçədə alınan xəsarətlər uzunmüddətli və bahalı baytarlıq müalicəsi tələb edə bilər.
Tədqiqatçılar Böyük Britaniyada aparılan araşdırmalardan birinə istinad edərək bildiriblər ki, 1-8 yaş aralığında olan pişiklərin ölümünün əsas səbəblərindən biri avtomobillərlə toqquşmadır. Avropa üzrə hesablamalara görə, pişiklərin 18-24 faizi həyatı ərzində avtomobil qəzasına düşür. Belə hadisələrin təxminən 70 faizi isə heyvanın ölümü ilə nəticələnir.
Alimlərin sözlərinə görə, təhlükə yalnız avtomobil yolları ilə məhdudlaşmır. Pişiklər küçədə xəstə heyvanlarla təmasda ola, dişləmə və cızıq xəsarətləri ala, eləcə də zəhərli maddələrin təsirinə məruz qala bilərlər. Bəzi hallarda heyvan qəzanı sağ keçirsə belə, aldığı xəsarətlərin fəsadları ömrünün sonuna qədər davam edə bilər.
Araşdırma müəllifləri sərbəst gəzintinin məhdudlaşdırılmasının təkcə pişiklərin sağlamlığı üçün deyil, yerli vəhşi təbiətin qorunması baxımından da əhəmiyyətli olduğunu vurğulayırlar. Ev pişikləri küçədə quşları və digər kiçik heyvanları ovlaya bilirlər.
Bununla belə, alimlər hesab edirlər ki, pişiyi təhlükəsiz şəraitdə saxlamaq onun təmiz havaya çıxışını tamamilə məhdudlaşdırmaq demək deyil. Bunun üçün həyətdə xüsusi qorunan volyer – “katiyo” qurmaq və ya hasarlara heyvanın ərazidən qaçmasının qarşısını alan konstruksiyalar yerləşdirmək mümkündür.
Samir


