Ev sahibi olmaq istəyənlərin əsas maliyyə dayaqlarından biri olan ipoteka kreditləri üzrə bazarda diqqətçəkən dəyişiklik yaranıb.
2026-cı ilin ilk altı ayında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 226,3 milyon manat məbləğində 2 242 kredit verilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə aşağı göstəricidir.
Maraqlıdır ki, ümumi ipoteka portfeli artmaqda davam etsə də, yeni kreditlərin verilməsində əvvəlki dinamika müşahidə olunmur. Bu isə mənzil almaq üçün ipotekaya müraciət edənlərin sayının, kredit şərtlərinin və əhalinin ödəmə imkanlarının yenidən gündəmə gəlməsinə səbəb olur.
Bəs ipoteka kreditlərinin verilməsində azalma nədən qaynaqlanır? Mənzil qiymətlərinin yüksəlməsi, ilkin ödəniş tələbi, kredit faizləri və vətəndaşların gəlirlərinin mövcud şərtlərə uyğunluğu bu prosesə nə dərəcədə təsir edir?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, ipoteka bazarında müşahidə olunan geriləmənin arxasında həm mövcud kreditlərin taleyi, həm də yeni müraciətlərin azalması dayanır:

“Əhalinin maliyyə imkanlarının əvvəlki dövrlə müqayisədə zəifləməsi mənzil almaq istəyən insanların uzunmüddətli kredit öhdəliyinə girməsini də çətinləşdirir. Digər tərəfdən, artıq ipoteka krediti olan bəzi vətəndaşlar aylıq ödənişləri vaxtında qarşılamaqda çətinlik çəkirlər. Öhdəliklərin yerinə yetirilməməsi hallarında kredit müqaviləsinin qüvvədə olmasına vaxtından əvvəl son qoyula bilər. Belə hallar ya məhkəmə qərarı əsasında, ya da borcalanla bankın qarşılıqlı razılığı ilə rəsmiləşdirilir”.
Onun sözlərinə görə, müqaviləyə xitam verildikdə həmin kredit bankın aktiv ipoteka portfelində əvvəlki formada qalmır:
“Bu proses çoxaldıqca portfelin ümumi həcminə də mənfi təsir göstərir. Eyni zamanda, gəlirlərin mənzil və kredit ödənişləri qarşısında kifayət qədər olmaması potensial alıcıların yeni ipotekaya müraciət etmək imkanlarını məhdudlaşdırır. İpoteka portfelindəki azalma yalnız kredit verilişlərinin zəifləməsi ilə bağlı deyil. Belə ki, həm yeni kreditlərə tələbin aşağı düşməsi, həm də mövcud borclar üzrə yaranan çətinliklər ümumi göstəriciyə təsir edir”.
Sevinc


