Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

ÖLKƏ
13:18 / 14.09.2026
44

Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadə 13 il sonra mühakimə edilir.

“Qafqazinfo”nun məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Hazırlıq iclası tanışlıq mahiyyəti daşıyır. Prosesdə əvvəlcə tərəflərin anket məlumatları dəqiqləşdirilib, işin verildiyi məhkəməyə aid olub-olmadığı aydınlaşdırılıb. Bundan əlavə, məhkəmə istintaqına qədər bəzi vəsatətlər qaldırılıb.

13 il əvvəl ölkə gündəmini zəbt edən bu dəhşətli hadisəni sifariş verməkdə təqsirləndirilən Xəyal Bakı İstintaq Təcridxanasından məhkəmə salonuna gətirilib. O, öz müdafiəsini keçmiş tanınmış hakim, hazırda vəkillik edən Əlövsət Abbasov vasitəsilə həyata keçirir. Mərhum Vüsalın hüquqi varisi qismində atası Adolf Şilder, zərərçəkmiş qismində isə anası Mətanət Şilder tanınıb. Valideynlər ikisi də məhkəmədə iştirak edir. Bu cinayət işində adı hallanan digər şəxs isə keçmiş məmur Tariyel Ağayevdir.

409675
Əli-zadə Xəyal Məzahir oğlu

Mərhum Vüsalın anası dəfələrlə iddia edib ki, oğlunun qətlinin sifarişçilərindən biri məhz Tariyel Ağayev olub. O, buna səbəb kimi oğlunun Tariyel Ağayevin qızı Lalə ilə sevgi münasibətində olmasını göstərib. Ananın iddiasına görə, Tariyel Ağayev qızının Vüsalla münasibətinə qarşı olduğu üçün kürəkəni-hazırda məhkəmə qarşısında olan Xəyalla birlikdə Vüsalın qətlini təşkil edib. Lakin bu iddia rəsmi şəkildə təsdiqini tapmayıb. Tariyel Ağayev hazırkı cinayət işi üzrə də şahid qismində tanınmayıb. Hadisənin ən mühüm şahidlərindən və qətlin təfərrüatlarından xəbərdar olanlardan biri Xəyaldır. O, hazırda məhkəmə qarşısındadır. Xəyalın Vüsal Şilderin qətli ilə bağlı nələr deyəcəyi, hansı məlumatları açıqlayacağı indidən maraq doğurur.

Qeyd edək ki, Vüsalın qətlində təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov da o vaxt eyni məhkəmədə mühakimə edilib. Elmana 15, Seymura 12 il azadlıqdan məhrum edilib. Onların cəza müddəti 2013-cü ildən hesablandığı üçün Seymur artıq azadlıqda olmalıdır.
 

0