Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Rusiya lideri Vladimir Putinlə görüşmək istədiyini deyib.
O, bu dəfə tarix və məkan da verib. Zelenski dekabr ayında Mayamidə keçiriləcək G-20 zirvəsində Putinlə görüşməyə və müzakirə aparmağa hazır olduğunu bəyan edib. Lakin Kreml növbəti dəfə bu təklifi rədd edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüş üçün yenidən Ukrayna liderini Moskvaya dəvət edib.
Əslində, Zelenskinin Moskvaya səfər etməyəcəyi çox açıq şəkildə hamıya bəllidir. Buna rəğmən, Rusiya hər dəfə Putin-Zelenski zirvəsinin başqa yerdə keçirilməsinə qarşı çıxır. Putin Zelenski ilə görüşə hazır olduğunu desə də, bunun ancaq Moskvada olacağını vurğulayır.
Maraqlıdır, mövcud vəziyyətdə Kremlin Zelenskini israrla Moskvaya dəvət etməsinə səbəb nədir?
Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, Kreml rəhbərliyinin Putin-Zelenski görüşünün məhz Moskvada keçirilməsi variantında israr etməsi sadəcə görüş yerinin seçilməsi məsələsi deyil:
“Bu, ilk növbədə psixoloji, siyasi və diplomatik üstünlük əldə etmək cəhdidir. Zelenski son günlər Putinlə görüşə hazır olduğunu, o cümlədən beynəlxalq platformalarda görüş imkanını nəzərdən keçirdiyini bildirib. Moskva isə alternativ neytral məkanı qəbul etmək əvəzinə yenidən
Ukrayna Prezidentini Rusiyanın paytaxtına dəvət edib.
Burada Kremlin əsas məqsədlərindən biri görüşün siyasi çərçivəsini əvvəlcədən müəyyən etməkdir. Kreml Zelenskinin Moskvaya gəlməsi ilə dünyaya müəyyən bir siyasi görüntü təqdim etmək istəyir. Putin komandasının məqsədir budur ki, müharibə aparan tərəfin lideri danışıqlar üçün Kremlin qapısına gəlir”.
Onun sözlərinə görə, bu görüntü Rusiya daxilində Putin hakimiyyəti üçün ciddi təbliğat və siyasi kapital deməkdir:
“Çünki neytral bir ölkədə keçirilən görüş hər iki tərəfin bərabərliyini nümayiş etdirəcək, Moskvada keçirilən görüş isə psixoloji baxımdan üstünlüyü ev sahibi olan Rusiyanın tərəfinə verəcək. Ona görə də Rusiya bu mühüm məqamı qaçırmaq istəmir. Hətta bilə-bilə ki, Zelenski buna qarşı çıxacaq.
Düzdür, təhlükəsizlik və nəzarət məsələsi də önəmlidir, çünki Putin xarici səfərlərində həm təhlükəsizlik, həm də siyasi riskləri nəzərə almağa məcburdur. Moskva isə öz paytaxtında bütün təhlükəsizlik, informasiya və protokol proseslərinə tam nəzarət edir. Bu baxımdan Kreml üçün Moskva ən rahat və ən idarəolunan məkandır. Bu arqumentin arxasında daha böyük siyasi məna dayanır”.
Ekspert hesab edir ki, Rusiyanın əsas istəyi danışıqların şərtlərini də, məkanını da müəyyən edən tərəf kimi görünməkdir:
“Kreml Zelenskinin Moskvaya gəlmək ehtimalının son dərəcə aşağı olduğunu çox gözəl bilir və bu variantdakı israrı diplomatik taktikadan da xəbər verir. Yəni Moskva görünüş olaraq, “biz görüşə də, Zelenskini qəbul etməyə də hazırıq” mesajını verir, amma praktiki olaraq, qəbul edilməsi çətin olan bir şərt irəli sürür. Zelenski imtina etdikdə isə Kreml bunu “görüşmək istəməyən tərəf Ukraynadır” deyə istifadə edəcək”.
T. Qulami qeyd edib ki, bu səbəbdən Moskvanın dəvəti real sammit təşəbbüsü deyil:
“Burada həm diplomatiya, həm də siyasi oyun elementləri var. Rusiyaya da yaraşan budur. Manipulyasiya, oyun tam Rusiyalıqdır. Kremlin əsas məqsədləri Putinin status üstünlüyünü nümayiş etdirmək, danışıqların psixoloji atmosferini öz xeyrinə qurmaq, təhlükəsizliyə tam nəzarət etmək və eyni zamanda Zelenskinin imtinasından siyasi-diplomatik arqument kimi istifadə etməkdir”.
Elmir Mustafa


