Amsterdam Universitetinin fizikləri xarici ritmik təsir olmadan öz-özünə vahid hərəkət ritmi formalaşdıran qeyri-adi sistem hazırlayıblar. “Zaman kristalı” adlandırılan bu sistemdə ilkin olaraq müxtəlif tezliklərdə baş verən kiçik rəqslər tədricən birləşərək daha böyük və yavaş dalğalar yaradır.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.
Adi kristallarda atomlar və ya digər hissəciklər məkan daxilində nizamlı quruluş əmələ gətirir. Zaman kristallarında isə nizam zaman üzrə təkrarlanan hərəkətlərlə özünü göstərir. Əvvəllər belə sistemlərdə ritmin yaranması üçün, adətən, xaricdən dövri təsir tələb olunurdu. Yeni araşdırmanın əsas fərqi isə vahid ritmin heç bir xarici “metronom” olmadan formalaşmasıdır.
Alimlər bu prosesi müşahidə etmək üçün 3D printerdə hazırlanmış ikiölçülü metamaterialdan istifadə ediblər. Material 37 hüceyrədən ibarət olub və hər hüceyrə sensorlar, hərəkətverici qurğular və idarəetmə sistemi ilə təchiz edilmiş üç elastik altıbucaqlı elementdən qurulub. Təcrübənin əvvəlində sistemdə rəqslər saniyədə təxminən 30 dəfə baş verib. Sonradan bu hərəkətlər bir-biri ilə uyğunlaşaraq vahid ritmə çevrilib.
Kompüter modelləşdirməsi göstərib ki, sistemə təsadüfi pozuntular əlavə edildikdə belə sinxron hərəkət qorunub saxlanıla bilir. Alimlər sürtünmənin təsirini də araşdırıblar. Nəticələrə görə, sürtünmə ən uzun dalğaları zəiflətsə də, sistemin kənarları boyunca sabit rəqslər davam edə bilir. Ayrıca qurğuda 24 mühərrikdən ibarət halqada da oxşar dalğaların böyüməsi müşahidə olunub, lakin bu təcrübə özlüyündə zaman kristalının mövcudluğunu təsdiqləməyib.
Tədqiqatçılar vurğulayırlar ki, zaman kristalları enerji sərfiyyatı olmayan əbədi hərəkət mexanizmləri deyil. Burada söhbət sistemin öz daxilində sabit və əlaqələndirilmiş ritm yaratmasından gedir. Alimlərin fikrincə, kəşf gələcəkdə yüksək dəqiqlikli sensorların və hərəkətləri dəqiq sinxronlaşdırmaq tələb olunan qurğuların hazırlanmasına kömək edə bilər.
Samir


