Bitki mənşəli zülallarla qidalanmanın qaraciyərin fəaliyyətinə təsir göstərərək orqanizmdən zəhərli ammonyakın xaric olunmasını çətinləşdirə biləcəyi müəyyən edilib. İsveçrəli alimlərin siçanlar üzərində apardığı araşdırma bu qidalanma modelinin bəzi metabolik proseslərə təsirini üzə çıxarıb.
HİT.az xəbər verir ki, Cenevrə Universitetinin tədqiqatçılarının əldə etdiyi nəticələr “Molecular Metabolism” jurnalında dərc olunub.
Təcrübə zamanı siçanlara dörd gün ərzində eyni miqdarda zülal ehtiva edən iki fərqli yem verilib. Birinci qrup heyvanlar süd zülalı olan kazeinlə, digər qrup isə arpa, buğda, qarğıdalı, kartof, günəbaxan və maya mənşəli zülalların qarışığı ilə qidalandırılıb.
Altı saatlıq aclıqdan sonra bitki mənşəli zülal qəbul edən siçanların qanında ammonyak səviyyəsinin süd zülalı ilə qidalananlarla müqayisədə təxminən 2,6 dəfə yüksək olduğu aşkarlanıb. Eyni zamanda, onların qanında ammonyakın qaraciyərdə çevrilməsi nəticəsində yaranan sidik cövhərinin miqdarı daha aşağı olub.
Alimlər həmçinin zülal mübadiləsində və azot tullantılarının parçalanmasında iştirak edən GDH fermentinin aktivliyinin azaldığını müəyyən ediblər. Bu fermentin olmadığı genetik modifikasiya edilmiş siçanlarda isə ammonyak səviyyəsi kəskin yüksəlib, heyvanların qaçış çarxındakı aktivliyi azalıb.
Heyvanlar yenidən süd zülalı ilə qidalandırıldıqdan sonra göstəricilərin tədricən yaxşılaşdığı müşahidə olunub. Bu isə qaraciyərdə yaranan dəyişikliklərin geri dönə biləcəyini göstərir.
Ammonyak zülalların parçalanması zamanı yaranan maddədir və yüksək miqdarda orqanizm üçün təhlükə yaradır. Xüsusilə beyin bu maddəyə həssasdır. Qanda ammonyakın artması sinir sisteminin fəaliyyətini poza və nevroloji problemlərə səbəb ola bilər.
Bununla belə, tədqiqatçılar nəticələrin insanlara birbaşa şamil edilməməsi barədə xəbərdarlıq ediblər. Araşdırma cəmi dörd gün davam edib, təcrübədə yalnız gənc erkək siçanlardan istifadə olunub. Bundan başqa, heyvanlara verilən yemlər zülal mənbəyi ilə yanaşı, şəkər və yağ tərkibinə görə də fərqlənib. Buna görə də bitki mənşəli zülalların insan qaraciyərinə eyni təsir göstərdiyini söyləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Samir


